...

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 14:49 (UTC +04:00)
İyunun 23-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci illik toplantısı keçiriləcək.
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 20 iyun / Trend /

İyunun 23-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 15-ci illik toplantısı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

İllik toplantıda Rəhbərlər Şurası bankın fəaliyyətini qiymətləndirərək 2012-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. 8 ildir ki, ardıcıl olaraq xalis mənfəətini açıqlayan bankın 2012-ci il ərzində kredit portfeli artaraq 9 faizdən yuxarı həddə çatıb.

Hazırda QDTİB-nın Azərbaycanla güclü əməkdaşlığı mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi bank tərəfindən dəstəklənir. 2008-ci ildə Azərbaycan bankın kapitalında payını 2 faizdən 5 faizə qədər artıb. Ölkənin QDTİB-nın mövcud kredit portfelində payı 10 faizə qədər yüksəlmiş və bu artım davam edir. Buna görə də QDTİB 2011-2014-cü illər üçün Azərbaycan üzrə strategiyanı uğurla həyata keçirir. Ölkə üzrə strategiyada Azərbaycanın şaxələndirmə məqsədlərininə uyğun olaraq qeyri-neft və qaz sektorunda kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. QDTİB 2011-ci ildən Azərbaycanda dəyəri 67 mln. avro olan 10 layihənin maliyyələşdirilməsini təsdiq etmiş və investisiya həcmi, əməliyyatların sayı və ümumi əməliyyat portfelinin nəticələri baxımından Azərbaycan QDTİB-nın beş ən çox kredit alan ölkələri sırasındadır.

QDTİB-nın Azərbaycanın maliyyə institutları ilə uğurlu əməkdaşlığı məşğulluğun özəl sektorda əsas hissəsinin cəmləşdiyi kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib və iqtisadiyatın qeyri-neft sektorunun gələcək inkişafı üçün prioritet sahələr təqdim edir. QDTİB gələcəkdə nəqliyyat, kənd təsərrüfatı və istehsal sahələrinə investisiya ayırmaqla Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş fəaliyyətləri dəstəkləməyi nəzərdə tutur.

İllik toplantı münasibətilə QDTİB, Azərbaycan Hökuməti, AZPROMO və regional biznes assosiasiyaların iştirakı ilə 21 iyun 2013-cü il tarixində Bakı şəhərində biznes forum təşkil ediləcəkdir. İqtisadi şaxələndirilmə üzrə strateji siyasətlə bağlı müzakirələrin aparılacağı forumda Azərbaycan dövlət rəsmiləri tərəfindən dövlətin iqtisadi şaxələndirməyə yanaşma prinsipləri təqdim olunacaq və dünyanın aparıcı beynəlxalq maliyyə institutları arasında beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli işlənilib hazırlanmış tövsiyələr barədə fikir mübadiləsi aparılacaq.

Forumun ikinci hissəsində biznesin inkişafı mövzusunda iclaslar təşkil olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri tərəfindən biznes məsələlərindən əlavə Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanları ətrafında müzakirələr aparılacaq.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmışdır. Azərbaycan Respublikasını bankın Rəhbərlər Şurasında maliyyə naziri Samir Şərifov təmsil edir. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir. Bankın nizamnamə kapitalı 3 milyard SDR (təxminən, 3.5 milyard avro) təşkil edir. Bankın uzunmüddətli kredit reytingi Standard və Poor beynəlxalq reytinq agentlikləri tərəfindən A- və Moody's tərəfindən isə A3 səviyyəsində müəyyənləşdirlibdir. Əlavə məlumat üçün aşağıdakı elektron ünvanımızla www.bstdb.org. əlaqə saxlaya bilərsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti