...

Nazir: Böhranın mənfi təsirləri regional əməkdaşlığın rolunu artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2013 15:04 (UTC +04:00)
Böhranın mənfi təsirləri regional əməkdaşlığın rolunu artırır. Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün Bakıda keçirilən Qara dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının (QDTİB) 15-ci illik toplantısında çıxışı zamanı deyib.
Nazir: Böhranın mənfi təsirləri regional əməkdaşlığın rolunu artırır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.Əliyev/

Böhranın mənfi təsirləri regional əməkdaşlığın rolunu artırır. Trend-in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov bu gün Bakıda keçirilən Qara dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının (QDTİB) 15-ci illik toplantısında çıxışı zamanı deyib.

"Qara dəniz regionu böhrandan ən çox zərər çəkmiş bölgədir. Onun nəticələri bölgənin bütün dövlətlərinə bu və ya digər dərəcədə təsir göstərib. Bu isə regionun 2012-ci ildə inkişaf tempinin 2.1 faiz təşkil etməsinə gətirib çıxarıb. Lakin 2010 və 2011-ci illərdə bu göstərici 4.2 və 4.1 faiz səviyyəsində olub" - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, belə bir vəziyyətdə QDTİB kimi beynəlxalq maliyyə strukturlarının rolu artır.

"Biz bankın son 15 ildə regional əməkdaşlığın, ticarət və investisiyaların cəlbinin genişləndirilməsi səylərini alqışlayırıq. Ötən il ərzində 15 layihə üzrə 168 milyon avro məbləğində əməliyyatlar həyata keçirilib. QDTİB ardıcıl olaraq 8 ildir ki, gəlir əldə edir. Məhz, 2012-ci ildə bankın xalis gəliri 14.9 milyon avro təşkil edib. Ona görə də, QDTİB-in regionun inkişafına verdiyi töhfə diqqətdən kənarda qala bilməz" - deyə Şərifov əlavə edib.

Nazir hesab edir ki, bank hələ də bütün potensialını realizə etməyib.

"11 dövlətin üzv olduğu və siyasi dəstəyin verildiyi bankın kredit portfeli (1 milyard dollar) onun potensialını əks etdirmək qabiliyyətində deyil. QDTİB yeni layihələrin işlənilməsi və təzə maliyyələşmə mexanizmlərinin formalaşdırılması ilə məhdud kreditləşmələr çərçivəsində regionun inkişafına əlavə imkanlar verə bilər. Bankın yüksək kredit reytinqi də bunu təsdiqləyir" - deyə Şərifov vurğulayıb.

Qeyd edək ki, iclasın biznes sessiyasında QDTİB-in Rəhbərlər Şurası 2012-ci il üzrə illik hesabatı və illik audit olunmuş maliyyə hesabatlarını təsdiq edib, xalis gəlirin istifadəsinə dair qərar qəbul olunub.

Bununla yanaşı, bankın Rəhbərlər Şurasında sədrliyin Bakı toplantısından sonra Bolqarıstana keçməsi və bankın Rəhbərlər Şurasının 16-cı illik iclasının Sofiyada keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti