Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
2013-cü il sentyabrın 4-də Xətai rayonu, Xocalı prospekti, 36A ünvanında "Amrahbank" ASC-nin inşası nəzərdə tutulan yeni binasının özülünün qazılması tədbiri keçirilib.
Bankdan Trend-ə verilən məlumata görə, tədbirdə bankın Müşahidə Şurasının sədri Yunis İldırımzadə başda olmaqla, İdarə Heyəti, filial direktorları və digər təşkilati struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Məlumat üçün bildiririk ki, "Amrahbank"ın inşası nəzərdə tutulan 10 mərtəbəli yeni binası 10 min kvadrat metr sahəni əhatə edəcəkdir. Binada, geniş spektrli bütün növ müştəri xidmətlərinin göstərilməsi nəzərdə tutulan zal, bankın idarəetmə apparatı, çoxlu sayda iş otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zallar, kitabxana, idman zalı, istirahət otaqları, yeməkxana, mətbəx və s. yerləşəcək.
"Amrahbank" ASC-nin 10 mərtəbəli yeni binası öz müasirliyi ilə də seçiləcək.
Tədbir iştirakçılarının salamlayan Y.İldırımzadə, bütün kollektivi bu tarixi gün münasibətilə təbrik edib və 20 illik yubileyini qeyd etməyə hazırlaşan "Amrahbank"ın inkişaf tarixindən, əldə olunan uğurlardan və bankın streteji hədəflərindən danışıb. Y.İldırımzadə ötən ilin nəticələri üzrə mənfəətin dinamik artımına görə "Amrahbank"ın banklar üzrə birinci yerdə olmasını xüsusi vurğulayıb. Çıxışının sonunda Y.İldırımzadə İdarə Heyətinə, bütün kollektivə öz təşəkkürünü bildirib, onların məqsədyönlü, məhsuldar əməklərini, vəzifələrinin icrasında peşəkarlıqlarını yüsək qiymətləndirib, yeni nailiyyətlər əldə etmək üçün hamıya uğurlar arzulayıb. Tədbirin sonunda qurban kəsilib.
1993-cü ildə təsis edilmiş "Amrahbank" ASC Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.
Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.