Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) avtomatlaşdırılmış pensiya təyinatı, fondun əhaliyə göstərdiyi elektron xidmətlərin tətbiqi sahəsində mövcud vəziyyət, yaranan problemlərin aradan qaldırılması yolları ilə bağlı seminar keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan Trend-ə bildiriblər ki, tədbirdə fondun yerli şöbələrinin pensiya təyinatı, fərdi uçot, maliyyə-uçot sektorlarının müdirləri iştirak ediblər.
Seminarda açılış nitqi ilə çıxış edən DSMFsədri Səlim Müslümov bildirib ki, hazırda Azərbaycanın sığorta-pensiya sistemi müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərir. DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb və "elektron hökumət" portalının statistikasına əsasən, fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir: "İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri, yəni 1 milyon 270 min nəfər pensiyaçı və fərdi hesab açılmış 2 milyon 620 min nəfər sığortaolunan barədə elektron məlumatlar toplanılıb".
S.Müslümov qeyd edib ki, fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan icbari dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti qurulub. Bu ilin iyul ayından etibarən isə Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyininə başlanılıb. Sistemin tətbiq olunduğu 3 aya yaxın vaxt ərzində 473 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 160-ı Bakı şəhərində, 313-ü isə bölgələrdə yaşayan vətəndaşlardır.
DSMF sədri avtomatlaşdırılmış pensiya təyinatı və digər elektron xidmətlərin tətbiqindən irəli gələn vəzifələrin icrasının daim nəzarətdə saxlanılması, bu istiqamətdə qəbul edilmiş qərarların, normativ aktların bölgələrdə icrası vəziyyəti, mövcud problemlərin həlli və qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verib.
Seminarda DSMF Aparatının müvafiq şöbə müdirləri və mütəxəssisləri tərəfindən avromatlaşdırılmış pensiya təyinatı, pensiyaların ödənişi və uçotu sahəsində elektron sənəd mübadiləsinin tətbiqi istiqamətində maarifləndirici təqdimatlar edilib.