...

Niyazi Səfərov: Azərbaycan və İtaliya arasında qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi üçün səy göstərilməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 13:10 (UTC +04:00)
Azərbaycan qeyri-neft sektorunda İtaliya ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərir.
Niyazi Səfərov: Azərbaycan və İtaliya arasında qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi üçün səy göstərilməlidir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan qeyri-neft sektorunda İtaliya ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çərşənbə günü Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, hazırda ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var və bununla əlaqədar bu istiqamətdə birgə tədbirləri gücləndirmək lazımdır.

Onun sözlərinə görə, İtaliya ölkənin əsas xarici ticarət tərəfdaşıdır. Azərbaycanla İtaliya arasında əmtəə dövriyyəsi 2012-ci ilin yekunları üzrə 5,8 milyard dollar təşkil edib, cari ilin doqquz ayı üzrə isə ölkələr arasında 4,6 milyard manat həcmində xarici ticarət əməliyyatları həyata keçirilib.

N.Səfərovun qeyd etdiyi kimi, Azərbaycanda İtaliya şirkətlərinin əsas kapitala ümumi investisiyalarının həcmi bu gün 47,9 milyon dollar təşkil edib. Ölkənin qeyri-neft sektoruna isə 65,6 milyon dollar yatırım edilib.

Bu gün Azərbaycanda sığorta, bank, ticarət və digər sahələrdə 45 İtaliya şirkəti fəaliyyət göstərir.

N.Səfərov bildirib ki, bununla yanaşı, onlar həmçinin dövlət sektorunda həyata keçirilən layihələrdə podratçı qismində iştirak edirlər: "Azərbaycanda enerjidaşıyıcıların ixrac marşrutlarının şaxələndirilməsi üzrə qəbul edilən mühüm addımlardan biri Trans Adriatik boru kəməri (TAP) layihəsinin seçilməsidir. Onun vasitəsilə Azərbaycan qazı Türkiyədən Yunanıstan və Albaniyadan keçməklə Cənubi Avropaya nəql olunacaq. Bu layihə Azərbaycanla İtaliya arasında əlaqələrin genişləndirilməsi, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir".

Biznes forumu çərçivəsində Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Müəssisələrinin Beynəlmiləlləşdirilməsinin Təşviqi Təşkilatı (ICE) arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti