Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2014-cü ilin ilk tədbirini yanvarın 17-də Beyləqan rayonunda keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 377 min manat güzəştli kreditin verilməsi barədə qərar qəbul edilib. Bu layihələrin reallaşdırılması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.
80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində sahibkarlarla rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, Fond tərəfindən Beyləqan rayonunun iqtisadi potensialına uyğun olaraq 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, o cümlədən maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan iri taxılçılıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2013-cü ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4500 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il Aran iqtisadi rayonu üzrə 2000-ə yaxın sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 68,5 milyon manat güzəştli kredit verilib. 2014-cü ildə ətlik və südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq komplekslərinin, müasir quşçuluq təsərrüfatlarının, sənaye müəssisələrinin, logistika mərkəzlərinin, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, müasir istixana komplekslərinin, intensiv üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisələrinin, müasir çörək istehsalı müəssisələrinin yaradılması və s. güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr olacaq.
Tədbir çərçivəsində Beyləqanda güzəştli kredit ayrılmış tutumu 6,5 min ton olan soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilib.