Azərbaycan, Bakı, 21 yanvar /Trend/
2013-cü ildə dünyada turistlərin sayı 1 milyard 87 milyon nəfərə çatıb ki, bu da 2012-ci ilin göstəricisindən 5 faiz çoxdur. Trendin məlumatına görə, bunu Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifai deyib.
Onun sözlərinə görə, ən böyük turizm artımı ötən il 563 milyon nəfərin səfər etdiyi Avropa ölkələrində qeydə alınıb. Bu, 2012-ci ilin göstəricisindən 29 milyon nəfər çoxdur.
Sakit okean regionu və Afrikada da artım müşahidə olunub.
Baş katib bildirib ki, iqtisadi böhranın nəticələrini yaşayan Cənubi Avropa ölkələri daha çox əcnəbi turist qəbul ediblər: "Məsələn, ötən il İspaniya ən çox turist qəbul edən ölkələrin siyahısında Çini ötərək ABŞ və Fransadan sonra üçüncü pilləyə yüksəlib. İspaniyada turizm 5 faiz artıb və 60 milyon nəfəri ötüb".
Səyahətə ən çox pul xərcləyənlər isə çinli turistlərdir. Onlar xarici ölkələrdə 75,2 milyard avro xərcləyiblər ki, bu da 2012-ci illə müqayisədə 28 faiz çoxdur.
2014-cü ilin proqnozlarına gəlincə, T.Rifai dünyada turizm sahəsində artımın 4-5 faiz təşkil edəcəyinə əmin olduğunu deyib.