...

Güzəştli kredit hesabına Bakıda ilk dəfə "yaşıl market"in tikintisi maliyyələşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2014 16:20 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Ramana qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Güzəştli kredit hesabına Bakıda ilk dəfə "yaşıl market"in tikintisi maliyyələşdirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Ramana qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 70-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəzin, "yaşıl market"in, kiçik corab istehsalı müəssisəsinin və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1471 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 71,4 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1965 investisiya layihəsinin maliyyələşdirilməsinə 351,6 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 27,5 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ş.Abdullayev həmçinin məlumat verib ki, Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq, Bakı şəhərində artıq 2 logistik mərkəzin və 1 ixtisaslaşdırılmış "yaşıl market"in tikintisi maliyyələşdirilib. "Yaşıl market"lərdə lazımi avadanlıq və vitrinlərlə təmin olunmuş satış yerləri, soyuducu anbar, fermer mağazaları, laboratoriya, avtopark və s. infrastruktur yaradılır və məhsulların müvafiq sanitar-gigiyenik normalara cavab verməsi üçün bütün şərtlər nəzərdə tutulur. Fermerlər istehsal etdikləri məhsulları laborator analizlərdən keçirərək, satışını vasitəçilər olmadan həyata keçirirlər. Bu da kənd təsərrüfatı məhsullarının istehsalçıdan birbaşa istehlakçıya çatdırılmasına və ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılmasına şərait yaradacaq.

Ramana qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 5,6 milyon manat kredit verilib. Verilmiş kreditlər, əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin, çörək, tikinti materialları istehsalı, "yaşıl market"in yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 150-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində, həmçinin Ramana qəsəbəsində güzəştli kredit ayrılmış polipropilen kisə istehsalı zavodunun fəaliyyətinə və corab istehsalı olan müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti