...

Ələkbər Məmmədov: Beynəlxalq təcrübənin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətinin prioritet sahələrindəndir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2014 12:17 (UTC +04:00)
Bir müddət əvvəl Azərbaycanın Vergilər Nazirliyi ikinci dəfə IOTA-nın (Avropadaxili Vergi Administrasiyaları Təşkilatı) İcraiyyə Şurasına üzv seçilib. Vergilər Nazirliyi MDB ölkələrinin vergi xidmətləri arasında bu mötəbər qurumun İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır. Bununla bağlı Trend IOTA-nın son Baş Assambleyasında iştirak etmiş vergilər nazirinin müşaviri Ələkbər Məmmədovla müsahibəni təqdim edir.
Ələkbər Məmmədov: Beynəlxalq təcrübənin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətinin prioritet sahələrindəndir

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Bir müddət əvvəl Azərbaycanın Vergilər Nazirliyi ikinci dəfə IOTA-nın (Avropadaxili Vergi Administrasiyaları Təşkilatı) İcraiyyə Şurasına üzv seçilib. Vergilər Nazirliyi MDB ölkələrinin vergi xidmətləri arasında bu mötəbər qurumun İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır. Bununla bağlı Trend IOTA-nın son Baş Assambleyasında iştirak etmiş vergilər nazirinin müşaviri Ələkbər Məmmədovla müsahibəni təqdim edir.

- Vergilər Nazirliyinin IOTA-nın İcraiyyə Şurasına ikinci dəfə üzv seçilməsi hansı cəhətdən faydalıdır?

- Azərbaycan Vergilər Nazirliyinin IOTA-nın İcraiyyə Şurasına yenidən növbəti birillik müddət üçün üzv seçilməsi əlamətdar bir hadisədir. Bu təşkilat Avropa Birliyi ölkələrinin vergi sahəsində ən vacib strukturlarından biridir. Azərbaycan 2002-ci ildən IOTA-nın üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir. Bir qayda olaraq, belə nüfuzlu qurumlarda İcraiyyə Şurasına üzvlər Avropa Birliyinin aparıcı dövlətlərindən təşkil olunur. Buna səbəb belə nüfuzlu qurumların idarə olunması və menecmentində AB-nin mənafelərinin qorunması, eyni zamanda həmin dövlətlərdə formalaşmış böyük təcrübələrin IOTA-ya üzv ölkələrə ötürülməsidir.

Azərbaycanın İcraiyyə Şurasında təmsil olunması, əslində, ölkəmizə göstərilmiş böyük bir etimad, IOTA ilə uzun müddət davam edən səmərəli əməkdaşlığa verilən bir qiymətdir. Azərbaycanın vergi xidməti bu təşkilatın, demək olar ki, bütün tədbirlərində fəal iştirak edir və beynəlxalq təcrübənin öyrənilməsi, onun tətbiqinin genişləndirilməsi istiqamətində daim iş aparır. Təsadüfi deyildir ki, bu ilin may ayında İcraiyyə Şurasının 92-ci iclası Bakıda təşkil edilmişdi. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, İrlandiya, İspaniya, Finlandiya, Fransa, Çex Respublikası və Rumıniyanın vergi orqanları ilə birlikdə İcraiyyə Şurasının üzvü seçildi. Bu, bir daha ölkəmizin Avropanın aparıcı strukturlarında mühüm vəzifələrin öhdəsindən gəlməsinin bariz sübutudur.

- Mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi bu gün vergi xidmətləri qarşısında duran aktual məsələlərdən biridir. Bu gün Vergilər Nazirliyi beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində hansı işlər görür?

- Bildiyiniz kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bir çox dövlət qurumları kimi, Vergilər Nazirliyi qarşısında da mühüm vəzifələr müəyyən etmişdir. Bu konseptual sənəddən irəli gələn məsələləri həll etmək məqsədilə Vergilər Nazirliyində "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan" və "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" təsdiq edilmişdir. Bu iki mühüm sənəd vergi xidmətinin yaxın perspektivdə inkişaf istiqamətlərini, eyni zamanda beynəlxalq sahədə fəaliyyətinin növbəti illər üçün əsas hədəflərini müəyyən edir.
Vergilər Nazirliyində beynəlxalq təcrübənin öyrənilməsi daim ön planda olsa da, milli vergi qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində işlərin daha da sistemləşdirilməsi məqsədilə Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin tərkibində "Xarici ölkələrin vergi sisteminin tədqiqi" şöbəsi yaradılmışdır. Hazırda həmin şöbə xarici ölkələrin vergi sisteminin araşdırılması və zəruri təcrübələrin icmallaşdırılması istiqamətində zəruri işlər görür.

Bundan başqa, vergi qanunvericiliyini, xarici ölkələrin vergi təcrübəsini, Vergilər Nazirliyi əməkdaşlarının xarici ezamiyyə hesabatlarını, beynəlxalq təcrübənin araşdırılması istiqamətində müxtəlif icmal hesabatları və digər zəruri materialları əhatə edən çoxfunksiyalı imkanlara malik geniş məlumat bazasını əhatə edən elektron kitabxana da yaradılmışdır.

Hazırda milli vergi qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın GİZ təşkilatı ilə də sıx əməkdaşlıq edilir. Əlbəttə, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi konkret hədəflərə yönəlir. Bu səfərlər sadəcə tanışlıq xarakteri daşımır, tətbiq olunan mütərəqqi təcrübə əvvəlcədən araşdırılır, sonra həmin məsələ ilə bağlı işçi səfərlər reallaşdırılır.

Portuqaliya Vergi və Gömrük İdarəsi ilə aparılan təcrübə mübadiləsi nəticəsində vergi ödəyiciləri ilə əlaqənin idarə edilməsi sisteminin yaradılması, bütün vasitələrlə vergi ödəyicilərinə göstərilən xidmətin vahid sistemdə aparılması geniş öyrənilib və nəticə olaraq vergi ödəyicilərinə xidmət mərkəzlərində tətbiq olunan AVİS-in xidmət alt sistemində belə bir sistem yaradılıb. Yaxın gələcəkdə Vergilər Nazirliyinin Çağrı Mərkəzinin və digər xidmət kanallarının da bu sistemə inteqrasiyası həyata keçiriləcək. Portuqaliya təcrübəsindən yararlandığımız daha bir məsələ İnternet Vergi İdarəsində fərdi vergi təqviminin yaradılması ilə bağlıdır. Hazırda bu məqsədlə icraçı şirkət tərəfindən proqramlaşdırma işləri həyata keçirilir. İsveç Krallığının Vergi Agentliyi ilə apardığımız təcrübə mübadiləsi prosesində həmin ölkədə vergi ödəyicilərinə xidmət sahəsində tətbiq olunan vahid xidmət mərkəzi ideyasından ötən il yeni Vergi ödəyicilərinə xidmət mərkəzinin yaradılmasında geniş istifadə edildi.

Türkiyə Respublikasının Gəlirlər İdarəsi Başkanlığı ilə əməkdaşlıq prosesində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fəaliyyəti tamamilə yenidən qurulub və tətbiq edilmiş qabaqcıl təcrübə nəticəsində mərkəzin fəaliyyəti EN 15838 standartlarına uyğunluq sertifikatı alıb, bununla yanaşı, ikitərəfli SMS xidməti yaradılıb.

İntensiv əməkdaşlıq etdiyimiz Niderland Krallığının Vergi və Gömrük Administrasiyası ilə birlikdə ölkəmizin vergi xidməti üçün mühüm layihələrdən biri olan elektron audit layihəsi reallaşdırılıb. Bundan başqa, yaxın perspektivdə tətbiqini nəzərdə tutduğumuz maraqlı bir layihə üzərində çalışırıq. Bu, Çağrı Mərkəzi vasitəsilə əməliyyatlar aparmaq imkanının yaradılmasıdır. Həmin layihəyə əsasən, sadələşdirilmiş verginin bəyannaməsi ASAN imzası olan vergi ödəyicilərinin əvəzinə Çağrı Mərkəzinin əməkdaşları tərəfindən göndəriləcək. Bu məqsədlə hazırlanmış proqram təminatı hazırda test mərhələsindədir.

- Son illər Azərbaycanın vergi xidməti beynəlxalq təşkilatlarla intensiv əməkdaşlıq edir. Bu, xüsusilə də ölkəmizdə vergi sahəsində keçirilən tədbirlərin sayının artmasında özünü göstərir. Çoxtərəfli əməkdaşlığın bugünkü səviyyəsini necə qiymətləndirərdiniz?

- Əlbəttə, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda respublikamızın iqtisadi sahədə əldə etdiyi uğurların təbliği baxımından çox vacibdir.

Vergilər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə IOTA, OECD, IACA və s. kimi təşkilatların forum, seminar və iclasları uğurla keçirilir. Eyni zamanda, 2012-ci ildən başlayaraq, hər ilin fevral ayında vergi orqanı əməkdaşlarının peşə bayramı ərəfəsində Bakıda "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq vergi forumları təşkil olunur. Bu forumlar vergi sahəsində qarşıda duran bir çox qlobal məsələlərin müzakirə edildiyi mühüm bir tərəfdaşlıq platformasına çevrilib.

Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də donor təşkilatlar - ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlıq nəticəsində müxtəlif layihələr həyata keçirilməkdədir.
Avropa İttifaqının Tvinninq və TAIEX alətləri çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" adlı Tvinninq layihəsi 2011-2013-cü illərdə həyata keçirilib, "İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək" və "Müasir vergi ödəyicilərinə xidmət standartları, optimal idarəetmə modeli və qiymətləndirmə sahəsində islahatlara dəstək" adlı Tvinninq layihələrinin tətbiqinə dair isə müvafiq prosedurlara başlanılıb.

Vergilər Nazirliyində mövcud olan fəaliyyətin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə bir müddət öncə Avropa İttifaqının ekspertlərinin iştirakı ilə Aİ-nin texniki yardim aləti olan TAIEX proqramı çərçivəsində Ekspert Missiyası təşkil olunub.

Hazırda ekspertlər tərəfindən hazırlanmış hesabat əsas götürülməklə, Vergilər Nazirliyində bu sistemin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hazırlanır.

Bildiyiniz kimi, Azərbaycan 2013-cü ilin fevralında OECD-nin Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna üzv qəbul edilmişdir və bizim mütəxəssislər həmin forumlarda fəal iştirak edirlər. Bu il mayın 23-də Parisdə "Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının çoxtərəfli Konvensiyasına dəyişiklik edilməsi haqqında" Protokolun imzalanması ölkəmizin bank sirrini aradan qaldırmaqla şəffaflığa tərəfdar olduğunu bir daha nümayiş etdirmiş, eyni zamanda artıq bu sazişi imzalamış 63 dövlətlə geniş əməkdaşlıq imkanı əldə edilmişdir.

Bundan başqa, çoxformatlı qurumlarla da ciddi iş aparılır. Vergilər Nazirliyi MDB ölkələrinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası və vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Koordinasiya Şurasının işində fəal iştirak edir. Korrupsiyaya qarşı mübarizə sahəsində Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə sıx əlaqələr qurulub. Ölkəmiz bu qurumun Baş Assambleyasının bürosuna üzv seçilib. Vergilər Nazirliyi Avropa Kommersiya Qeydiyyatçıları Forumunun (ECRF) və Korporativ Qeydiyyatçılar Forumunun üzvüdür, həmçinin İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyası (ATAIC) ilə müşahidəçi statusunda əməkdaşlıq edir.
Yeri gəlmişkən, qeyd edim ki, 2013-cü ildə BMT-nin vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin yeni tərkibi təsdiqlənərkən təşkilatın baş katibinin qərarı ilə dünyanın müxtəlif regionlarını təmsil edən namizədlər arasından seçilmiş 25 ekspert sırasında Vergilər Nazirliyinin əməkdaşı da vardır.

- İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlərin bağlanması sahəsində işlər nə yerdədir? Sizcə, mövcud sazişlər şəbəkəsi ölkəmizin əsas tərəfdaşlarını əhatə edirmi?

- Ölkəmizdə investisiya mühitini şərtləndirən mühüm məsələlərdən biri də "Gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması" haqqında sazişlərin mövcudluğudur. Artıq Azərbaycan Respublikası əksər Avropa Birliyi, Cənub-Şərqi Asiya, Yaxın Şərq ölkələri, Kanada, Yaponiya və MDB üzvü olan dövlətlər də daxil olmaqla, 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalamış, onlardan 43-ü qüvvədədir, 6 ölkə ilə sazişlərin mətnləri üzrə mütəxəssislər səviyyəsində razılıq əldə edilmiş, 10 ölkə ilə layihələrin razılaşdırılması üzrə müzakirələr davam etməkdədir. Hesab edirəm ki, hazırkı vəziyyətdə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər ölkəmizin əsas ticarət tərəfdaşlarını əhatə edir. Hazırda digər dövlətlərlə vergi məsələlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayan məlumat mübadiləsi və vergi orqanları arasında əməkdaşlıq haqqında sazişlər şəbəkəsi də genişlənməkdədir.

Azərbaycan Respublikası 10 ölkə ilə (Gürcüstan, Özbəkistan, Qazaxıstan, Rusiya, Litva, Moldova, Belarus, Latviya, Qırğızıstan, Argentina) ikitərəfli və 2 çoxtərəfli "Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" sazişlər, 7 ölkə ilə (Gürcüstan, Özbəkistan, Qazaxıstan, Rusiya, Litva, Moldova, Polşa) ikitərəfli və 1 çoxtərəfli "Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında" sazişlər və 8 ölkə ilə (Gürcüstan, Litva, Estoniya, Macarıstan, Fransa, Çexiya, Ukrayna, Türkiyə) ikitərəfli "Əməkdaşlıq haqqında" sazişlər imzalayıb.
Bundan əlavə, Niderland Krallığının Maliyyə Nazirliyi ilə vergi məsələləri üzrə məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu layihəsi qarşı tərəflə razılaşdırılıb, Türkmənistan Baş Dövlət Vergi Xidməti ilə əməkdaşlığa dair Memorandum layihəsi üzrə dövlətdaxili prosedurlar tamamlanıb, Serbiya ilə analoji saziş layihəsi razılaşdırılması üçün qarşı tərəfə göndərilib. Bunlarla yanaşı, OECD tərəfindən hazırlanmış "Azərbaycan Respublikası Vergilər Nazirliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında əməkdaşlıq fəaliyyəti haqqında Saziş" layihəsinin razılaşdırılması üzrə müzakirələr davam etməkdədir.

Yuxarıda qeyd olunan sazişlər əsasında digər ölkələrin səlahiyyətli orqanları ilə səmərəli məlumat mübadiləsi həyata keçirilir.

Bildiyiniz kimi, ABŞ-da 2010-cu ildə vergidən yayınma hallarının qarşısının alınması məqsədilə qəbul edilmiş və FATCA adlandırılan Xarici hesablar üzrə vergi əməletməsi Aktı cari ilin iyul ayından qüvvəyə minmişdir. Həmin sənəddə müvafiq məlumatları təqdim etməyən xarici maliyyə institutlarına ağır sanksiyalar nəzərdə tutulur. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan və ABŞ hökumətlərinin birgə səyləri nəticəsində maliyyə hesabları haqqında məlumatların qarşılıqlı mübadiləsinə dair hökumətlərarası saziş layihəsi üzrə artıq razılıq əldə edilmişdir.

Əlbəttə, dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən bir vergi sisteminin yaradılmasını zəruri edir. Belə bir sistemin qurulması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi mütərəqqi islahatlar zamanla ayaqlaşan mühüm prinsiplərə söykənir. Bu prinsiplər bütövlükdə milli vergi sisteminin inkişafının elmi əsaslar üzərindən aparıldığının, strateji təhlil və innovasiyalardan istifadəyə verilən önəmin əhəmiyyətini bir daha göstərir. Hesab edirəm ki, Vergilər Nazirliyinin nümayiş etdirdiyi belə yanaşma milli vergi xidmətinin daim inkişafın ön cərgəsində olduğuna dəlalət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti