Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/
Bakı Fond Birjasında (BFB) ilk dəfə "Embawood" MMC - qeyri-maliyyə təşkilatının 10 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi həyata keçiriləcək.
Trend-in məlumatına görə, müvafiq saziş bu gün təqdimat zamanı BFB-nin Biznesin inkişafı departamentinin direktoru Abdulla İsayev və "Embawood" MMC-nin baş direktorunun maliyyə məsələləri üzrə müavini Tamerlan Kurkiyev arasında imzalanıb.
Emissiya çərçivəsində hər birinin dəyəri min manat olan 10 min istiqraz buraxılıb. İstiqrazlar üzrə gəlirlilik illik 11 faiz, tədavül müddəti bu buraxılışın ilk istiqrazının yerləşdirilməsindən etibarən 1 il təşkil edəcək. İstiqrazlar üzrə faizlərin ödənişi hər 3 aydan bir həyata keçiriləcək.
Sövdələşmənin anderrayteri qismində "PAŞA Kapital" çıxış edir.
T.Kurkiyev qeyd edib ki, "Embawood" MMC-nin istiqrazlarının yerləşdirilməsində məqsəd səhmdarların üzərilərinə götürə biləcəyi yerli bazarda riskin dəyərinin qiymətləndirilməsidir: "Hazırda şirkətin pul axınları fəaliyyəti lazımi səviyyədə saxlamağa imkan verir. Korporativ qiymətli kağızların yerləşdirilməsi bir növ şirkətin səhmdarlar üçün nə qədər cəlbedici olmasının indikatorudur. Bizim üçün qiymətli kağızların risklərinin real qiymətinə baxmaq maraqlıdır".
MMC-nin istiqrazlarının açıq yerləşdirilməsinə avqustun 22-də başlanacaq.