Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Sentyabr aynın 14-dən -18-ə kimi Almaniyanın, Bad Zalzuflen şəhərində Beynəlxalq mebel təchizatçıları və interyer dizayn üzrə "M.O.W 2014" sərgisi keçirilib.
Sərgidə dünyaca tanınmış mebel şirkətləri iştirak edib. Bu sərgi Almaniya və Avropa mebel sənayesi alıcıları üçün ixtisaslaşdırılmış sərgidir. Burada yeni dizaynların təqdimatı ilə yanaşı, hər bir insanın xəyal edə biləcəyi interyer həlləri və otaqlar üçün mebel düzüm variantları təqdim olunmuşdur. Bir sözlə evin sıfırdan təmin olunması üçün lazım olan hər cür mebel növləri sərgilənmişdir.
Sərginin iştirakçısı olan Azərbaycanın "Embawood" şirkəti istər müasir dizaynlı mebellərə, istərsə də konsept həllərə görə sərgidə çox bəyənilən stendlərdən biri oldu. Embawood şirkətinin Almanıyada olan partnyoru Bockrat Heinzenin sözlərinə görə "Embawood" Almaniya, Avstriya və İsveçrə dillerləri tərəfindən böyük rəğbət qazanmışdır.
Şirkət rəhbəri və nümayəndələri yaxın 3 il ərzində Embawood Azərbaycan brendini Avropada inkişaf etdirib tanıtmaqla yanaşı yeni şəbəkə qurmağı qarşılarına məqsəd qoymuşlar.
Xatırlatmaq istərdik ki, şirkət 1996-cı ildən fəaliyyət göstərir. Bazarda olduğu 18 il ərzində "Embawood" mağaza şəbəkəsi 10 ölkədən artıq, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərir. Əlavə olaraq Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur.