Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
"Azərbaycanın Vergilər Nazirliyinə insan resurslarının inkişafı sahəsində dəstək verilməsi" yeni tvinninq layihəsi Nazirliyin strateji planına uyğundur. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Bakıda layihənin təqdimatı zamanı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
Onun sözlərinə görə, bu layihə Aİ və Azərbaycanın əməkdaşlığında mühüm rol oynayır: "Hazırda artıq vergi xidmətlərinin optimal idarə edilməsi modeli hazırlanır və 2015-ci ildən başlayaraq bu istiqamətdə konkret işlərə başlanacaq".
Layihə iki il ərzində həyata keçiriləcək.
Tvinninq layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədovun sözlərinə görə, layihə üç komponentdən ibarətdir. Birincisi, uzunmüddətli strategiyanın və insan resurslarının inkişafı planının yaradılmasını nəzərdə tutur. İkinci komponent çərçivəsində Vergilər Nazirliyinin insan resurslarının inkişafı sahəsində normativ bazasının yenilənməsi, üçüncü komponentdə isə bu sahədə təhsil sisteminin modifikasiyası planlaşdırılır: "Başlıca vəzifə yüksəkixtisaslı kadrların formalaşdırılmasıdır ki, bu da ümumilikdə respublika iqtisadiyyatının inkişafına yardım edir".