...

QDTİB Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2014 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən Trend-ə verilən məlumata görə, görüşdə bank sistemi ilə QDTİB arasında mövcud iqtisadi əlaqələr, o cümlədən Azərbaycan üzrə yeni ölkə strategiyasının (2015-2018) hazırlanmasına dair məsələlər müzakirə edilib.

E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, habelə bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib. O, bankın Azərbaycan maliyyə sektorunda iştirakını qeyd edərək, ortamüddətli strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb. Ölkənin iqtisadi hədəfləri və prioritetlərinin daha dəqiq müəyyənləşdirilməsi üçün davamlı kommunikasiya və əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

AMB sədri Azərbaycanın son illərdə əldə etdiyi yüksək inkişaf tempi ilə qonaqları tanış edərək, son 10 ildə iqtisadiyyatın 3,4 dəfə artdığını, ölkənin yuxarı orta gəlirli dövlətə çevrildiyini vurğulayıb. Davos forumunun qiymətləndirməsinə əsasən makroiqtisadi sabitlik üzrə Azərbaycanın dünyada ilk onluqda yer aldığını qeyd edən E.Rüstəmov ölkədə neft gəlirlərinin səmərəli istifadə olunması, infrastruktur, quruculuq işlərinin aparılması, regionların inkişaf etdirilməsi və Azərbaycanın kifayət qədər davamlı maqkroiqtisadi ehtiyatlara malik olmasını qonaqların diqqətinə çatdırıb.

Öz növbəsində, QDTİB-nin prezidenti İ.U.Delikanlı 2014-cü ildə ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. O, ölkəmizin qarşısında duran qısa və ortamüddətli çağırışlara nəzər yetirərək QDTİB-nin bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi aparıb.

O, bankın 2015-2018-ci illəri əhatə edəcək Azərbaycan üzrə strategiya sənədinin hazırlanması istiqamətində görüləcək işlər barədə məlumat verib. İ.U.Delikanlı bankın Azərbaycanda bu günə qədər həyata keçirdiyi layihələr haqqında danışaraq maliyyə instutları ilə sıx əməkdaşlıq etdiklərini və gələcəkdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə, həmçinin Mərkəzi Bank ilə QDTİB arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti