Azərbaycan, Bakı, 19 yanvar /Trend/
2014-cü il ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür. Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılıb.
Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart sayğaclarla təmin olunur.
Ümumilikdə smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart sayğacların sayı 352 minə çatıb.
Smart-kart sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda, həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub.
1 yanvar 2015-ci il tarixə "Azərsu" ASC üzrə abunəçilərin 750 mini və ya 57 faizi sayğaclarla təmin olunub. Əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56 faiz, qeyri-əhali qrupu üzrə isə 77 faiz təşkil edir.
Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması davam etdirilir.
2014-cü ildə magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 75 ədəd elektromaqnit flens tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilib.