Azərbaycan, Bakı, 15 aprel /Trend/
İtaliya şirkətləri Azərbaycanı investisiyalar baxımından Rusiya bazarına alternativ qismində nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi Bakıda keçirilmiş Azərbaycan-İtaliya biznes forumunda deyib.
Onun sözlərinə görə, son vaxtlar İtaliya şirkətləri Rusiya bazarında xeyli itki verirlər, buna görə də onlar Rusiya bazarına alternativ axtarır: "Azərbaycan İtaliya sahibkarları üçün perspektivli bazarlardan biridir və biz onlara hər cür kömək göstərməyə hazırıq. Bu bizim üçün əsas vəzifələrdən biridir".
Nazir qeyd edib ki, İtaliya bank, səhiyyə və ekologiya sahələrində əməkdaşlıqda maraqlıdır: "İtaliya hökuməti iki ölkə şirkətləri arasında əlaqələri dəstəkləyir, çünki Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edir".
F.Quidi əlavə edib ki, Azərbaycan İtaliyanın iri neft tədarükçüsüdür, bununla belə, İtaliyadan Azərbaycana ixrac da artır.
O əmin olduğunu bildirib ki, ölkələr arasında ticari əlaqələr gələcəkdə də inkişaf edəcək.