Fikrət Yusifov
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, Iqtisad elmləri doktoru, professor
Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi bir dövlət quruculuğu yolu keçir. Bu yolun başlanğıcında qarşılaşdığımız maneələr mərhələli şəkildə aradan qaldırılır və nəticədə sərbəst, hərtərəfli inkişafa geniş imkanlar açılır. Tutduğumuz yol şübhəsiz ki, bundan sonra da hamar olmayacaq. Lakin bu yolun rahat keçilməsini təmin edə biləcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir.
Ölkə Konstitusiyası, "Əmək Məcəlləsi", "İctimai iştirakçılıq haqqında", "İnformasiya əldə etmək haqqında" və "Polis haqqında" və digər qanunlar cəmiyyətimizdə ictimai nəzarətin ən yüksək səviyyədə olmasının tam hüquqi bazasını formalaşdırır.
Heç şübhəsiz ki, ictimai nəzarət dövlət idarəçiliyinin bütün sahələrini əhatə etməlidir. Lakin biz bu təhlilimizdə ictimai nəzarətin yalnız bir istiqaməti üzərində dayanacağıq. Konkret desək, biznesin inkişafı yolunda əngələ çevrilmiş neqativlərə - rüşvət və koorupsiyaya qarşı mübarizədə dövlətin atdığı addımlar və bu addımların səmərə verməsi üçün ictimai nəzarətin oynadığı roldan bəhs edəcəyik.
Azərbaycan Prezidenti İlham Əliyev ictimai nəzarətin işlək mexanizmə çevrilməsində maraqlıdır və bunu əksər çıxışlarında vurğulayır. Sual oluna bilər: Nə üçün Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin rolunun artırılmasına bu qədər önəm verir? Dövlət başçısı nə üçün hər kəsi rüşvət və korrupsiyaya qarşı mübarizədə maksimum aktiv olmağa səsləyir?
Bu sualların bir cavabı var: Problemin həllində ictimai nəzarətin verə biləcəyi səmərəni dövlət başçısı hər kəsdən yaxşı bilir və bunu dəqiq hesablayır. Bu gün ölkə iqtisadiyyatının diversifikasiya edilməsi istiqamətində atılan addımlar ölkə başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının daha sürətlə reallaşdırılmasına yönəlib. Bu yolla daha sürətlə irəliləmək və daha yaxşı nəticələrin əldə olunması isə qarşıda olan maneələrin aradan qaldırılmasından çox asılıdır. Prezident İlham Əliyevin azad sahibkarlığın inkişafına əngəl olan bütün məqamlara qarşı nə qədər barışmaz mövqedə dayandığını onun rüşvət və korrupsiyaya qarşı elan etdiyi müharibədən və bu yolda ictimai nəzarətə verdiyi önəmlə bağlı söylədiyi fikirlərdən tam aydın görmək olar.
Prezident İlham Əliyevin ictimai nəzarətə xüsusi əhəmiyyət verdiyini göstərən faktlardan biri və bəlkə də birincisi 22 noyabr 2013-cü il tarixdə imzaladığı, 2014-cü il iyunun 1-dən qüvvəyə minmiş "İctimai iştirakçılıq haqqında" Qanundur. Qanunun 3.0.2. maddəsində mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi ilə bağlıdır.
Bu il may ayının 27-də Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda isə Prezident İlham Əliyev idarəetmə sahəsində aparılan müsbət islahatlardan bəhs edərkən ictimai nəzarət məsələlərinə dair mövqeyini kifayət qədər açıq şəkildə ortaya qoydu. Dövlət başçısının bu xüsusda səsləndirdiyi fikirləri xatırlamaq yerinə düşər: "İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır".
Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş 12 oktyabr tarixli iclasında Prezident İlham Əliyev ictimai iştirakçılıq mövzusuna növbəti dəfə toxunaraq bu mexanizmi korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əsas silah kimi xarakterizə etdi: "Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır".
Prezident İlham Əliyevin bu çağırışları ilə ölkədə sahibkarlığın inkişafı yolunda atdığı qətiyyətli addımlar arasında tam bir paralellik müşahidə olunur. Bu gün dövlət tərəfindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar bir daha sübut edir ki, hakimiyyət ölkə iqtisadiyyatının neftdən asılılığını optimallaşdırmaq yolundakı fəaliyyətini daha da intensivləşdirmək əzmindədir. Bu kursun uğurla reallaşdırılmasında isə ictimai nəzarətin rolu əvəzsizdir.
Heç kəs heç nədən çəkinməməlidir. Bu Vətən, bu dövlət hər birimizindir. Dövlət başçısının müəyyən etdiyi iqtisadi inkişaf kursunun reallaşmasına maneə ola biləcək bütün neqativlərə qarşı hər kəsi birgə mübarizəyə səsləyir. Sahibkarlar heç nədən çəkinməməlidirlər.
Onlar bir məsələni bilməlidirlər ki, inkişafa əngəl olan neqativləri aradan qaldırmaq yolunda Prezident İlham Əliyev onların yanındadır. Bundan böyük daha hansı dəstək ola bilər ki?