...

Dəmir yolunun Səngəçal istehsalat bazası yenidən qurulur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2016 13:59 (UTC +04:00)
Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən, “Azərbaycan Dəmir Yolları" QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır.
Dəmir yolunun Səngəçal istehsalat bazası yenidən qurulur (FOTO)

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən, "Azərbaycan Dəmir Yolları" QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, dünyanın indiki iqtisadi mənzərəsində kustar texnologiyalarla yeni tələbatları ödəmək artıq yetərli deyil. Bu məqsədlə Səngəçal istehsalat bazası yenidən qurulur. Bu ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burda bir deyil, iki baza fəaliyyət göstərəcək. Mart ayının ikinci yarısında köhnə bazanın yenidənqurulması tamamlanmış və ikinci bazanın tikintisinə başlanmışdır.

5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin baş direktoru Rizvan Rzayev bildirdi ki, birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülmüş və əvəzində yenilərinin tikilməsi həyata keçirilmişdir. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılmış və iş əmsalının artırılmasına şərait yaradılmışdır. Yeni tikilən ikinci bazada eyni mürəkkəbliklərlə müşayiət olunan iş prosesi də sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə başa çatmışdır. Bütövlükdə baza daxilində 7 km-dən artıq yol yenilənmişdir. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında bir ay ərzində 60-65 km yol çərçivəsi tikib hazırlamaq mümkün olacaqdır. Bazadakı yenidənqurma işlərində 200-dən artıq kollektiv üzvü çalışır.

Hazırda bazada müxtəlif fasilələrlə 4 ədəd çatılı kran fəaliyyət göstərir. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun yaxından köməyi ilə daha 2 ədəd yeni çatılı kran alınmışdır.

Səngəçal istehsalat bazalarının ərazisində yolların yenilənməsi bir ay ərzində tam yekunlaşacaq, may ayında yeni inzibati binanın və texnikalar üçün nəzərdə tutulan anqarın tikintisinə başlanacaq.

Qeyd edək ki, bu bazanın əsası 1936-cı ildə qoyulub. Sovet sənayeləşməsinin ilkin dövrlərinə təsadüf edən Yol-Maşın Stansiyalarının (PMS) formalaşması, əsasən, dəmir yollarının əsaslı təmirinə hesablanmış və bu günə qədər həmin məqsədə xidmət göstərmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti