...

Azərbaycanda azad ticarət zonasının yaradılmasına xarici şirkət cəlb ediləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2016 17:56 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda Ələt qəsəbəsindəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad ticarət zonasının (ATZ) yaradılması prosesinə xarici şirkət cəlb ediləcək.

Trend-in Bakı Limanının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru və İşçi Qrupunun rəhbəri direktoru Taleh Ziyadov ATZ-nin yaradılması üzrə işçi qrupunun birinci iclasında deyib.

Məlumatda deyilir ki, Azərbaycan Prezidentinin "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında" 17 mart tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə yaradılmış İşçi Qrupunun ilk iclası keçirilib.

T.Ziyadovun sədrliyi ilə keçirilən iclasda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, Ələt qəsəbəsində ATZ-nin yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də ATZ-də həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərin hazırlanmasi istiqamətində aparılan işlər müzakirə olunub.

Azərbaycanda azad ticarət zonası ilk rezidentləri 2017-ci ildən cəlb edəcək

Azərbaycanda azad ticarət zonası ilk rezidentləri 2017-ci ildən cəlb edəcək

İşçi Qrupunun üzvlərinin diqqətinə çatdırılıb ki, ATZ-nin planlaşdırılması və idarə olunması sahəsində ixtisaslaşan xarici şirkətlə danışıqlar aparılıb və yaxın zamanlarda həmin şirkət ATZ-nin yaradılmasına cəlb olunacaq.

T.Ziyadov bildirib: "Ələt qəsəbəsində ATZ-nin yaradılması ilə bağlı cənab Prezidentin sərəncamından irəli gələn tapşırıqların vaxtında icra olunması Ələtdəki Yeni Bakı Limanının Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevirilməsini təmin edəcəkdir. Hal-hazırda İşçi Qrupuna daxil olan 10-dan artıq nazirlik, komitə, agentlik və cəmiyyət rəsmiləri bu prosesin səmərəli qurulması üçün öz tövhələrini verirlər".

Xatırladaq ki, iclasda İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ələt qəsəbəsində Yeni Bakı Limanında ATZ-nin yaradılması ilə nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır.

Bu ilin payız sessiyasında ATZ ilə bağlı qanun layihəsinin Milli Məclisdə müzakirə olunacağı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti