Bakı. Trend:
Fevralın 28-də Pekində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü ilə “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Trend-ə verilən məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı və ev sahibi Çin hökumətinin dəstəyi ilə baş tutan forumda Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Transxəzər nəqliyyat dəhlizinin, o cümlədən Azərbaycanın nəqliyyat-tranzit imkanları təqdim edilib.
QSC-nin Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev forumda təqdimatla çıxış edib. O, Gəmiçiliyin donanması, Xəzərdə onun əhəmiyyəti, bölgədə həyata keçirilən irimiqyaslı layihələr, Şərq-Qərb daşımalarında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bərə donanmasının mühüm rolundan danışıb. Forum iştirakçılarına Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikiləcək 2 yeni "Ro-Pax" tipli unikal gəmi-bərə haqqında məlumat verilib.
Gəmiçilik rəsmisinin təqdimatında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşınan konteynerlər, onların həcmi və proqnozlaşdırılan yük artımına da xüsusi diqqət yetirilib. Maraqla qarşılanan təqdimatdan sonra B2B formatında danışıqlar aparılıb, gələcək biznes imkanları müzakirə edilib.
Forum zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri, təşkilatçı olan digər ölkələr, habelə Çinin nümayəndələri təqdimatlarla çıxış ediblər.