Bakı. Azad Həsənli - Trend:
Yaxın vaxtlarda Azərbaycan və Avropa İttifaqı (Aİ) daha 7 tvinninq-layihəyə başlayacaqlar.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycanda Avropa İttifaqının tvinninq-layihələrinin tətbiqinin 10 illiyinə həsr olunmuş konfransda deyib.
Nazir müavini qeyd edib ki, bu layihələr vergi və maliyyə inzibatçılığı, ədliyyə, sosial sığorta, regional inkişaf və iqtisadi idarəetmə sahələrini əhatə edəcək:
"Belə layihələr üçün büdcə 700 min - 1,5 milyon avro arasında dəyişir. Tvinninq-layihələrin reallaşdırılma müddəti təqribən iki il təşkil edir".
S.Babayev bildirib ki, Aİ 1992-ci ildən Azərbaycanda müxtəlif layihələrin, o cümlədən tvinninq-layihələrin həyata keçirilməsinə 582 milyon avro ayırıb:
"Azərbaycan tvinninq-layihələrin sayına görə regionda liderdir. Avropa İttifaqı ilə əməkdaşlıq dövrü ərzində biz 45 belə layihə üzərində işlərə başlamışıq. Onlardan 26-sı artıq başa çatıb, 12-si həyata keçirilir, 7 layihənin icrasına isə yaxın günlərdə başlanacaq".