Bakı. Hüseyn Vəliyev - Trend:
Azərbaycan İtaliya ilə iqtisadi əməkdaşlığa mühüm əhəmiyyət verir.
Trend-in məlumatına görə, bunu Azərbaycan-İtaliya biznes-forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
R.Məmmədov qeyd edib ki, ölkədə İtaliya kapitallı təxminən 100 investisiya şirkəti qeydiyyata alınıb. Bu şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərirlər:
"Ölkələr arasında geniş investisiya əlaqələri qurulub. İtaliya şirkətləri neft və qeyri-neft sektorlarına sərmayə yatırırlar. Azərbaycan şirkətləri də İtaliyada investisiya qoyurlar. Bu biznes-forum iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edir".
Nazir müavini bildirib ki, bugünkü forumun mövzusu əməkdaşlığın prioritet istiqamətlərini əks etdirir:
"Bu gün energetika və yaşıl texnologiya sahələri ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Mövcud və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə də toxunulacaq".
O əlavə edib ki, hazırda hər iki ölkə energetika, nəqliyyat və logistika sektorlarında sıx əməkdaşlıq edir:
"Bir çox İtaliya şirkətləri Azərbaycanda bu sahələrdə fəaliyyət göstərirlər. Geniş əməkdaşlıq bu gün Azərbaycanın böyük diqqət ayırdığı kənd təsərrüfatı sahəsində də yaradılıb. Biz istərdik ki, italyan tərəfdaşlarımızla əməkdaşlıq genişlənsin".