Bakı. Trend:
Amerikalı sahibkar, SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Mask 2028-ci ilə qədər "Twitter"-in illik gəlirini 26,4 milyard dollara çatdırmağı hədəfləyir.
Trend "The New York Times" qəzetinə istinadla xəbər verir ki, bu barədə milyarderin özü bildirib.
Qeyd olunur ki, Mask sosial şəbəkənin illik gəlirini beş dəfədən çox artıraraq, 2028-ci ilə qədər 26,4 milyard dollara çatdırmağı planlaşdırdığını bildirib. Nəşr 2021-ci ildə şirkətin gəlirinin 5 milyard dollar təşkil etdiyini vurğulayır.
Qəzetin istinad etdiyi sənəddə iddia edilir ki, sahibkar gəlir üçün "Twitter"-in reklamdan asılılığını azaltmaq istəyir.
Maskın planına görə, 2028-ci ildə reklam ümumi gəlirin təxminən 45%-ni (12 milyard dollar) təşkil edəcək, 2020-ci ildə isə şəbəkə gəlirinin təxminən 90%-i reklamdan əldə edib.
Bundan əlavə, Mask 2028-ci ilə qədər Twitter istifadəçilərinin sayının 931 milyona çatacağını gözləyir.