ABŞ, Vaşinqton, 07 avqust / Trend , müxbir N.Boqdanova /
ABŞ "Cənub axını" layihəsini "Nabukko" qaz kəmərinə rəqib hesab etmir, bu barədə Trend -a eksklüziv müsahibəsində ABŞ-ın energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Rusiya və Türkiyə arasında "Cənub axını" layihəsi üzrə müqaviləyə şərh verərkən bildirib. "Biz inanırıq ki, rəqabət yox, əməkdaşlıq daha vacibdir", - deyə Morninqstar bildirib.
Morninqstar qeyd edib ki, "Nabukko" və "Cənub axını" layihələrinə rəqib kimi baxmaq olmaz. Amerikanın siyasəti müxtəlif resursların köməyi ilə Avropada enerji təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
"Biz hesab edirik ki, Türkiyə enerji sahəsində regional əməkdaşlıqda lider olmalıdır. Bu, hər iki ölkənin maraqlarına daxildir", - Morninqstar "Cənub axını" layihəsi üzrə Rusiya və Türkiyə arasında əməkdaşlığı şərh etməkdən imtina edərək bildirib.
Morninqstar güman edir ki, Türkiyə regionda enerji əməkdaşlığı sahəsində lider olarsa, "bu, Azərbaycan və Türkmənistanın xeyrinə olacaq". O qeyd edib ki, "Avropanın Türkiyə, Azərbaycan və hətta Rusiyanın enerji resurslarına ehtiyacı var, lakin biz sözügedən hallarda rəqabət yaratmaq istəmirik".
Xüsusi nümayəndənin sözlərinə əsasən, Azərbaycan və Türkiyə arasında qazın qiymətlərinin tətbiq edilməsi çox vacibdir. "Bakı Ankaranın qaz tələbatını dərk etməlidir", - o əlavə edib.
Rusiya və Türkiyə bir gün əvvəl qaz sahəsində əməkdaşlıq haqqında hökumətlərarası protokol imzalayıblar. Sözügedən müqavilənin imzalanması Rusiyaya Türkiyə ərazisində "Cənub axını" layihəsi üzrə kəşfiyyat işləri aparmasına icazə verir. Bu layihə Rusiya qazının Qara dəniz ərazisindən keçməklə Avropaya çatdırılması üzrə yeni marşrutu nəzərdə tutur.
3,3 min km uzunluğunda magistral qaz kəməri "Nabukko" Rusiya ərazisindən yan keçməklə qazın Mərkəzi Asiyadan Aİ ölkələrinə, ilk növbədə isə Avstriya və Almaniyaya tədarükünü nəzərdə tutur. Layihə gücü ildə 26-32 mlrd kubmetr qaz təşkil edir. Qaz kəmərinin inşanın 2013-cü ildə tamamlanması planlaşdırılır.
Qaz kəmərinin inşası üzrə konsorsiumda OMV Gas GmbH (Аvstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya) iştirak edir.
2004-cü ildə təqdim olunan "Nabucco" qaz kəmərinin ilkin layihəsi qazın İranın Fars körfəzindəki yataqlarından tədarükünü nəzərdə tuturdu. 2006-ci ildə İranın nüvə proqramı ətrafında yaranmış münaqişə ilə əlaqədar olaraq layihənin dəyişdirilməsi və Türkmənistan, Özbəkistan və Azərbaycandan qaz tədarükü barədə qərar qəbul edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]