Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir А.Bədəlova /
Türkiyənin TPAO şirkəti dünyanın digər iri şirkətləri ilə yanaşı, İraqdakı neft-qaz yataqlarının işlənməsi üzrə elan olunan tenderdə iştirak etmək niyyətindədir. Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldızın İraqın neft naziri Hüseyn əl-Şəhristani ilə bu həftə keçirilən görüşdə bildirdiyinə görə, TPAO ilin sonunda keçiriləcək İraq neft-qaz yataqlarının işlənməsinə dair elan olunan 10 tenderdə iştirak edə bilər. Müsabiqəyə neft ekvivalentində 41 milyard barel ehtiyata malik olan 14 müqavilə meydançası təqdim olunur. Ehtiyatların növü dəqiqləşdirilmir.
Reuters yazır ki, müsabiqənin yekunlarına uyğun olaraq, İraq hökuməti müqavilələrin bağlanmasına görə 1,2 milyard dollar bonus ödəməsi almaq istəyir. Müqavilə növü açıqlanmır. Hər müqavilə üzrə bonusların 100-150 milyon dollar təşkil edəcəyi gözlənilir. Bununla yanaşı, İraq bütün layihələrdə 25 faiz iştirak payı əldə edəcək. Bloomberg-in yazdığına görə, namizədlər tenderdə iştirak üçün konsorsium yarada bilərlər, ancaq hər bir iştirakçının payı 10 faizdən aşağı olmamalıdır. Ərizə isə maksimum dörd layihə üçün verilə bilər.
Ümumilikdə, ikinci beynəlxalq tenderdə iştiraka 45 xarici şirkət buraxılıb ki, onların içərisində Rusiyanın "Qazprom" və LUKoyl şirkətləri də var.
İyunda keçirilən, 30 xarici şirkətin iştirak etdiyi birinci beynəlxalq müsabiqədə qalib adını Böyük Britaniyanın BP və Çinin CNPC şirkətləri alıb. Onlar İraqdakı ən böyük neft yatağı olan "Rumayla"nın işlənməsi hüququnu əldə etdilər.
Bir müddət əvvəl "Nefte Compass" nəşrinə müsahibəsində TPAO-nun prezidenti və icraçı direktoru Mehmet Uysalın dediyinə görə, şirkət İraq, İran və Türkmənistanda hasilat aparmaq niyyətindədir. Bu gün TPAO hasilatının böyük hissəsi - sutkada 35 min barel neft ekvivalenti (ümumi hasilatın 43 faizi) - BP-nin operatoru olduğu Azərbaycanın "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşür. TPAO-nun ümumi neft-qaz hasilatı sutkada təxminən 80 min barel neft ekvivalentidir.
Bu gün İraq dünyada neft ehtiyatı səviyyəsinə görə ikinci, təbii qaz ehtiyatı səviyyəsinə görə doqquzuncudur. BP-nin məlumatlarına görə, İraqın ilin əvvəlinə təsdiqlənmiş qaz ehtiyatları 3,17 trilyon kubmetrdir.
Azərbaycan və Türkmənistanla yanaşı, İraq da Xəzər regionu və Yaxın Şərqdən Avropa İttifaqı ölkələrinə yanacaq tədarükü üçün yaradılan "Nabukko" kəmərinin qaz tədarükçüsü qismində nəzərdən keçirilir.
İraqın neft nazirin sözlərinə görə, ölkə hazırda tələb olunandan daha çox istehsal edərsə, "Nabukko"nu qazla təmin edə bilər. "Qaz yataqlarının işlənməsi təxminən beş-altı il çəkə bilər, - əl-Şəhristani deyib. - Onların işlənməsindən sonra İraq lazım olduğundan daha çox qaz əldə edəcək və bu, ixrac üçün də yetərli olacaq".
Bununla yanaşı, bir müddət əvvəl, iyulda "Nabukko" qaz kəmərinin tikintisi üzrə hökumətlərarası müqavilənin imzalanması mərasimində İraqın baş naziri Nuri əl-Maliki bildirib ki, ölkə bu kəmər üçün ildə 15 milyard kubmetr qaz tədarük edə bilər.
"Nabukko" kəməri çərçivəsində Türkiyəyə çəkilməsi planlaşdırılan yeni boru kəməri vasitəsilə İraq qazı Aİ ölkələrinə nəql edilə bilər. Bu kəmər hazırda mövcud olan "Kərkük-Ceyhan" neft kəmərinə paralel çəkiləcək.
Ankara və Bağdad arasında qaz kəmərinin tikintisi üzrə 1996-cı ildən başlanılan danışıqlar hələ də davam etdirilir.
İraqdan Türkiyəyə uzanacaq qaz kəmərinin layihə uzunluğu 1380 kilometr, ümumi dəyəri 2,5 milyard dollar, buraxılış gücü isə 10 milyard kubmetrdir.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]