Azərbaycan, Bakı, 17 oktyabr / Trend /
Yanvar-sentyabr aylarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 708.3 milyon kubmetr həcmində qaz ixrac edib. Bu haqda şirkətdən verilən məlumatda deyilir.
Sentyabrda ARDNŞ Gürcüstana 63 milyon kubmetr qaz ixrac edib.
Gürcüstana qazın nəqli 2008-ci ilin aprel ayında başlayıb. 2008-ci ildə Gürcüstana ümumilikdə 788.93 milyon kubmetrə yaxın qaz nəql olunub.
Daha əvvəl "Azəriqaz" QSC (qazın ölkə regionlarına paylanması və satılması) Azərbaycan qazının Gürcüstana nəqlinin artırılması layihəsi çərçivəsində Ağdaşda qaz kompressor stansiyasının bərpası işlərini başa çatdırıb. Qazın Gürcüstana nəqli Qazməmməd qaz kəməri vasitəsilə həyata keçirilir. Qazın nəqlinin artırılması məqsədilə nəqlin maksimal təzyiqinin 20 atmosferə çatdırılması nəzərdə tutulur. Hazırda təzyiq 10 atmosferdir.
Keçən ilin noyabr ayında Gürcüstanla Azərbaycan arasında 2009-cu ildən başlayaraq beş il müddətinə ARDNŞ-in Gürcüstanın qaz bazarında fəaliyyətinin artırılması üçün şəraitin yaradılması barədə razılıq imzalanıb. Memoronduma əsasən, ARDNŞ layihənin reallaşdırılması üçün Gürcüstan hökuməti tərəfindən müəyyən olunmuş istehlakçılar qrupunu (sosial qruplar) qazla təmin etmək üçün törəmə şirkət yaradır.