Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın yeraltı qaz anbarlarından qazın alınmasına başlayıb. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə məlumat verib.
Hazırda respublikada iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarları var.
Onun sözlərinə görə, hələlik qaz yalnız "Qalmaz" yeraltı qaz anbarından alınır.
"Hazırda qaz "Qalmaz" yeraltı qaz anbarından götürülür, oradan gündəlik iki milyon qaz alınır. "Qaradağ" qaz anbarından qazın götürülməsi isə müvəqqəti dayandırılıb", - mənbə deyib.
Onun sözlərinə görə, hər iki qaz anbarında gələn mövsüm üçün qazın vurulması ilə bağlı zəruri olan planlı təmir işlərinə artıq başlanılıb.
Qaz vurulması mövsümünün başa çatmasının yekunu üzrə Azərbaycanın yeraltı qaz anbarlarında ehtiyatlar 3,05 milyard kubmert təşkil edir. Qaz anbarlarında olan qazın ümumi həcmindən 1,13 milyard kubmetrdən artıq qaz ötən ildən qalıb.
Mənbənin bir qədər əvvəl verdiyi məlumata görə, hazırda "Qalmaz" və "Qaradağ" qaz anbarlarının hər birində qazın həcmi 1,5 milyard kubmetri ötür.
Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına iki milyard kubmetrə yaxın qaz vurub. Bu göstərici 2008-ci ildə 1,4 milyard kubmetr təşkil edib. Ötən il "Qalmaz" yeraltı qaz anbarına 1,16 milyard kubmetr, "Qaradağ"a isə 795,3 milyon kubmetr qaz vurulmuşdu.
Azərbaycanın yeraltı qaz anbarlarına payız-qış mövsümündə istifadə olunmaq üçün qaz vurulması prosesi oktyabrda başa çatır. Lakin builki əlverişli hava şəraiti ilə əlaqədar qaz vurulması prosesi uzanır.