...

Yanvar-fevralda Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqli artıb

Energetika Materials 14 Mart 2011 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

2011-ci ilin yanvar-fevral aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəməri ilə 6,1 milyon ton neft nəql olunub. Bu göstərici 2010-cu ilin yanvar-fevral aylarında 5,7 milyon ton təşkil edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 2010-cu ilin yekunlarına görə, BTC ilə neft nəqli 38,3 milyon ton təşkil edib.

Yanvar-fevralda BTC ilə 408,2 min ton Türkmənistan nefti nəql olunub. Boru kəməri ilə Türkmənistan neftinin nəqlinə ötən ilin iyulundan başlanıb.

Türkmənistan neftinin BTC ilə nəqli "SOCAR Trading" ilə "Dragonoil" və Türkmənistanda neft hasilatı şirkətləri arasında bağlanan müqavilə çərçivəsində həyata keçirilir. "SOCAR Trading" şirkəti nefti Türkmənistandakı istehsalçılardan alır, onu Xəzər dənizi vasitəsilə Bakıyadək nəql edir. "BTC Co" şirkəti neftin bu həcmini BTC kəməri ilə nəql edir və Aralıq dənizindəki Ceyhan limanında onu "SOCAR Trading"ə təhvil verir.

BTC boru kəmərinin ümumi uzunluğu 1 768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.

BTC-nin inşası dörd milyard dollara başa gəlib. Boru kəmərinin doldurulmasına ayrılan xərclər və bank faizlərinin ödənilməsi buraya daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.

"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Yanvar-fevralda Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə (Cənubi Qafqaz qaz kəməri) 760,4 milyon kubmetr qaz nəql olunub. Ötən ilin müvafiq dövründə bu rəqəm 833,7 milyon kubmetr olub. 2010-cu ilin yekunları üzrə qaz kəməri ilə 4,9 milyard kubmetr qaz ixrac olunub.

Bakı-Tbilisi-Ərzurum kəmərinin uzunluğu 700 kilometrdən çoxdur. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan qaz bu kəmər vasitəsilə nəql olunur və Gürcüstan vasitəsilə Türkiyəyə daşınır. Azərbaycan da qaz alıcısı qismində iştirak edir.

Xəbər lenti

Xəbər lenti