...

"İslami" qaz kəmərinin reallaşacağı sual altındadır - İran eksperti

Energetika Materials 26 İyul 2011 14:50 (UTC +04:00)
"İslami" qaz kəmərinin reallaşacağı sual altındadır - İran eksperti

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir D.Xatınoğlu/

İran, İraq və Suriya arasında bağlanmış müqavilə əsasında "İslami" qaz kəmərinin reallaşacağına şübhə ilə yanaşan enerji məsələləri üzrə ekspert Rıza Tağızadə (Reza Tagizadeh) düşünür ki, Avropa İran qazını almaq niyyətində olsaydı, rəsmi Tehranı "Nabukko"ya qoşulmağa dəvət edərdi.

İyulun 25-də İran, Suriya və İraq arasında İranın Pars xüsusi iqtisadi enerji zonasından (Pars Special Economic Energy Zone -PSEEZ) çəkiləcək, 10 milyard dollara başa gələcək qaz kəmərinin tikintisi üzrə müqavilə imzalanıb. 56 inç diametrli, 5600 kilometr uzunluğunda, İranın Əsəluyə regionunu Dəməşqlə birləşdirəcək qaz kəmərinin gücü sutkada 110 milyon kubmetrdir.

İranın qaz ehtiyatlarının yarısının cəmləşdiyi Cənub Pars yatağı 28 fazaya bölünüb və inidyədək bu layihənin 8 fazası təkmilləşdirilib, 9 və 10-cu fazaları isə təkmilləşdirilir. İran bu yataqdan sutkada 220 milyon kubmetr qaz istehsal edir.

OPEC-in iyul ayında açıqladığı statistikaya görə, İranın qaz ehtiyatları 33 trilyon kubmetrdir.

İranın neft nazirinin müavini Cavad Ouji (Javad Owji) jurnalistlərə açıqlamasında bildirib ki, İran sutkada 600 milyon kubmetr qaz hasil edir və 2012-ci ildə ölkənin qaz istehsalı sutkada 1,2 milyard kubmetrə çatacaq.

Onun sözlərinə görə, indiyədək 6 avropalı sərmayədar bu layihəyə investisiya yatırmaq üçün hazır olduğunu bildirib. "İslami" qaz kəmərinin inşasının 2014-cu ildə başa çatacağı gözlənilir.

Ouji avropalı sərmayədarların kimliyini açıqlamayıb.

Trend-in Ekspert Şurasının üzvü, Böyük Britaniyada fəaliyyət göstərən Tağızadə Londondan telefonla Trend-ə bildirib ki, İran avropalı investorların adını İslam Respublikasına qarşı beynəlxalq sanksiyalara görə açıqlamır, çünki investorların ABŞ-ın "qara siyahı"sına düşəcəyindən ehtiyatlanır. "Lakin məncə, bu layihəyə heç bir avropalı investor sərmayə yatırmayacaq", - o deyib.

Konqresin ötənilki qərarına görə, ABŞ İranın enerji sahəsinə 20 milyon dollardan artıq sərmayə yatıran şirkətləri "qara siyahı"ya salır. Buna görə Qərbin böyük enerji şirkətləri, o cümlədən "Total", "Stat Oil", "Royal Duch Shell", "Eni" və digər şirkətlər İranda fəaliyyətini dayandırıb.

İran bildirib ki, İraq və Suriyadan keçən "İslami" qaz kəməri İran qazını Avropaya daşıyacaq. İndiyədək hər hansı Avropa ölkəsi İrandan qaz alacağını elan etməyib.

Tağızadə düşünür ki, Avropa İrana enerji tərəfdaşı kimi baxmır, belə olsaydı, İranı "Nabukko"ya cəlb edərdi.

BP-nin statistikasına əsasən, İran 2010-cu ildə 138,5 milyard kubmetr qaz istehsal edib və bu ölkənin daxili qaz tələbatı 136,5 milyard kubmetr təşkil edib.

Tağızadənin fikrincə, İranın ixrac üçün kifayət qədər qazı yoxdur. "İranın neft istehsalı ildən-ilə sutkada 350 min barel azalır. İran məcburdur ki, neft istehsalının səviyyəsini sabit saxlamaq üçün sutkada 200 milyon kubmetr qazı neft quyularına vursun, lakin hələlik yalnız 60 milyon kubmetr qaz daxil etmək imkanı var. Buna görə də, yaxın zamanlarda İranın ixrac üçün əlavə qazı olmayacaq", - Tağızadə deyib və "İslami" qaz kəmərinin yalnız siyasi motiv daşıdığını bildirib.

Onun fikrincə, Suriyada və İraqda vəziyyət sabit deyil, hətta Bəşər Əsəd hakimiyyətinin xalq etirazlarına davam gətirməyəcəyi və hakimiyyətin dəyişəcəyi ehtimalı var. Buna görə də, təhlükəsizlik baxımdan heç bir sərmayədar "İslami" qaz kəmərinə sərmayə yatırmağa risk etməz.

Xəbər lenti

Xəbər lenti