...

Azərbaycan 2020-ci ilədək alternativ enerjinin payını 20 faizə çatdıracaq

Energetika Materials 19 Sentyabr 2011 20:09 (UTC +04:00)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 2020-ci ilədək ümumi enerji istehsalında alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmağı planlaşdırır.
Azərbaycan 2020-ci ilədək alternativ enerjinin payını 20 faizə çatdıracaq

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 2020-ci ilədək ümumi enerji istehsalında alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu jurnalistlərə bazar ertəsi Dövlət Agentliyinin rəhbəri Akim Bədəlov deyib.

"Hazırda ölkədə kiçik su elektrik stansiyalarından istifadəni nəzərə alsaq, alternativ mənbələrin payı 10 faizə çatır", - o bildirib.

Ölkədə alternativ enerji mənbələrinin inkişafı üzrə planlar hazırlayarkən Dövlət Agentliyi bu texnologiyaları tətbiq etməkdə artıq müəyyən uğurlar əldə etmiş ölkələrin təcrübəsinin öyrənilməsinə böyük əhəmiyyət verir. Müsbət tərəflərlə yanaşı, agentlik həm də həmin ölkələr tərəfindən alternativ energetikanın inkişafı zamanı yol verilən nöqsanları da nəzərə almaq niyyətindədir.

Bədəlov bunlar arasında alternativ mənbələrin istehsal etdiyi enerjinin yüksək tarifləri, subsidiyaların böyük həcmləri, bu sahədəki texnologiyaların bahalı olduğunu qeyd edib. Bərpa olunan enerji mənbələrinin Azərbaycanda inkişafının əsas məqsədi maksimal dərəcədə aşağı tariflərin əldə olunmasıdır.

Dövlət Agentliyinin rəhbərinin sözlərinə görə, tariflərin ölçüləri və lazımi subsidiyaların həcmi barədə ancaq bu yaxınlarda işə salınmış Qobustan poliqonunun iş prosesində zəruri statistik məlumatların yığılması və əldə olunacaq nəticələrdən sonra danışmaq olar.

Alternativ enerji mənbələri sahəsində aparılan tədqiqatlar enerji mənbələrinin bərpası üçün texnologiyaların yerləşdirilməsi məqsədilə ən əlverişli yerləri seçməyə imkan verəcək. Yerləşdirmə zamanı şəhərsalma prinsipləri, turizm və kənd təsərrüfatı obyektlərinin yerləşdirilməsi nəzərə alınacaq. Xüsusildə də külək enerjisinin yenidən istehsalı üzrə qurğuların yerləşdirilmə variantlarından biri ofşor zonalardır.

Digər ölkələrin təcrübəsinin öyrənilməsi çərçivəsində bazar ertəsi Bakıda agentliyin rəhbərliyi ilə Avstriya nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı tərəflər enerjinin paylanması sisteminin təşkili məsələləri üzrə fikir mübadiləsi aparıb, həmçinin Vyana şəhərində istilik təmini və sərinlətmə sistemləri və bu proseslərdə alternativ enerji mənbələrinin payına dair müzakirələr aparıb.

Bədəlov həmçinin qeyd edib ki, bu təcrübənin öyrənilməsində əsas məqsəd Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər iri şəhərlərində belə sistemlərin quraşdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti