...

Azərbaycanın bir çox qəsəbə və kəndlərinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 10 May 2012 18:38 (UTC +04:00)
May ayının 9-u və 10-da Azərbaycanın bir çox qəsəbə və kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib.
Azərbaycanın bir çox qəsəbə və kəndlərinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 10 may /Trend/

May ayının 9-u və 10-da Azərbaycanın bir çox qəsəbə və kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib.

Trend "Azəriqaz" İB-nin rəsmi saytına istinadən məlumat verir ki, Şamaxı rayonunda keçirilən tədbirdə İcra Hakimiyyəti rəsmiləri, İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, Qızmeydan, Əhmədli və Hacılı kəndlərinin qazlaşması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22386.5 p/m olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Qızmeydan kəndinin 160, Əhmədli kəndinin 90, Hacılı kəndinin isə 60 abonentinin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmçinin, Masallı rayonunda da təbii qaz təchizatının bərpası münasibətilə tədbir keçirilib. 785 abonenti olan Gəyəçöl kəndinin qaz təchizatının bərpa olunması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 40.349 metr olan müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 785 ədəd sayğac quraşdırılıb.

Ağsu rayonunun Qaravəlli və Bəyimli kəndləri də yenidən qazlaşdırılıb. Birpilləli sistem asasında 60 abonenti olan Qaravəlli kəndinin qazla təmin olunması üçün 7100.6 metr, 63 abonenti olan Bəyimli kəndinin mavi yanacaqla təmin olunması üçün isə 4988 metr polietilen boru xətti çəkilib istifadəyə verilib. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bundan başqa, may ayının 9-da Göygöl rayonunda məcburi köçkünlər üçün salınmış Murovdağ qəsəbəsinin qazlaşdırılması münasibətilə keçirilən tədbirdə bildirilib ki, qəsəbənin qazlaşdırılması məqsədilə polad borularla ümumi uzunluğu 17425 metr qaz xətti çəkilib, 300 abonentin mənzilinə sayğac quraşdırılıb.

Ağcabədi rayonunun 95 abonenti olan Sarvanlar kəndinə də birpilləli sistem əsasında ümumi uzunluğu 7975 metr olan müxtəlif diametrli polietilen borular qaz xətti çəkilərək, 95 ədəd sayğac, 95 ədəd fərdi tənzimləyici və 2 ədəd siyirtmə quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Həmçinin, Balakən rayonunun Püştətala kəndinə də ilk dəfə olaraq təbii qazın verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilib. Qeyd olunub ki, birpilləli sistem əsasında qazlaşan Püstətala kəndinə 40 km-ə yaxın polietilen borularla qaz xətti çəkilib, 502 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Beyləqan rayonunun Tatallar kəndinin də ilk dəfə olaraq qazlaşdırılması üçün 13815 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 9 ədəd siyirtmə, 380 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

May ayının 10-da cəbhəyanı bölgələrdə də təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib. Tədbirdə qeyd olunub ki, Füzuli rayonunun Alxanlı kəndinin qazlaşdırılması məqsədilə 56201 m müxtəlif dametrli polietilen borularla qaz xətti çəkilərək 354 abonentinin mənzilinə qaz tənzimləyici və sayğac quraşdırılıb.

Həmçinin, Ağdam rayonunun Xındırıstan-Dadaşlı kəndlərində təbii qaz təchizatının bərpası, I Baharlı və II Baharlı qəsəbələrinə isə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbir keçirilib. 231 abonenti olan Xındırıstan-Dadaşlı kəndlərinə 10640 m, 501 abonenti olan I Baharlı və 337 abonenti olan II Baharlı qəsəbələrinə ümumilikdə 25454 m müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

May ayının 10-da İmişli rayonunun Yalavac kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. 21 km-ə yaxın polietilen borularla qaz xətti çəkilərək, 55 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılaraq əhalinin istifadəsinə verilib.

Xəbər lenti

Xəbər lenti