Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/
"Bakıelektrikşəbəkə" ASC (Bakının enerji operatoru) 30 mindən artıq GSM modulu bazasında smart elektrik sayğacları quraşdırır. Trend-in məlumatına görə, bu barədə ASC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Məlumata görə, sayğacların ümumi sayından dörd min ədəd əhali qrupuna daxil olan abonentlər üçün quraşdırılıb.
GSM modullu sayğaclar əsasən Bakının Nəsimi, Xətai, Yasamal və Nərimanov rayonlarında quraşdırılıb.
SMS ismarıcların köməyi ilə idarə olunan GSM modullu sayğacların göstəriciləri müəyyən vaxt ərzində mərkəzə daxil olur. Bu texnologiyanın sayəsində abonent kartın balansında vəsaitin azalması barədə SMS ismarıc alır. Əgər abonent vaxtında karta vəsait yükləməsə, abonentə elektrik enerjisinin verilməsi SMS mesaj göndərildikdən sonra dayandırılır.
Bundan başqa, yeni sayğacların işinə qanunsuz müdaxilə cəhdi zamanı mərkəzə SMS mesaj daxil olur ki, bu da pozucularla operativ mübarizə aparmağa imkan verir.