Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında enerji və qaz təchizatı operatorları ölkə ərazisində fasiləsiz qaz və elektrik enerjisi verilişini təmin edəcəklər.
Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 31-dən yanvarın 6-dək (daxil olmaqla) ölkədə qeyri-iş günləri elan edilib.
"Azərenerji" ASC-dən çərşənbə axşamı Trend-ə bildirilib ki, ASC bayram günlərində istehlakçıları keyfiyyətli elektrik enerjisilə fasiləsiz təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək: "ASC əməkdaşlarının işi elə təşkil edilib ki, problem yaranacağı təqdirdə, onlar vəziyyətə vaxtında və operativ reaksiya verə biləcəklər".
"Bakıelektrikşəbəkə" ASC-dən çərşənbə axşamı Trend-ə bildirilib ki, istehlakçılara elektrik enerjisinin tədarükündə problemlə üzləşməmək üçün ASC də gücləndirilmiş iş rejimində işləyəcək və iş növbəli olaraq təşkil ediləcək: "Bayram günlərində istehlakçılarımızın rahatlığını təmin etmək üçün ASC-nin bütün heyəti gücləndirilmiş rejimdə işləyəcək, həmçinin əlavə texnika və mexanizmlər cəlb ediləcək".
"Bakıelektrikşəbəkə"dən qeyd edilib ki, fərdi qaydada və bayram gəzintilərinin keçirildiyi yerlərdə istehlakçıları keyfiyyətli elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün operativ qruplar da gücləndirilmiş rejimdə işləyəcək: "Elektrik enerjisinin verilişi ilə bağlı problemlər yaranacağı təqdirdə istehlakçılar "199 - qaynar xətt"ə müraciət edə bilərlər".
"Azəriqaz" İstehsalat Birliyindən (İB) çərşənbə axşamı Trend-ə bildirilib ki, ölkənin bütün ərazisində fasiləsiz qaz təchizatını təmin etmək üçün İB gücləndirilmiş rejimdə işləyəcək: "Bayram günlərində İB-nin işinə bütün zəruri mütəxəssislər cəlb ediləcək. Mühəndis heyəti gücləndirilib və istehlakçıların qaz təchizatı ilə bağlı problemlərinin olmaması üçün bütün lazımi texnika cəlb edilib".