...

Gürcüstan "Şahdəniz-2" layihəsi çərçivəsində hər il 1 milyard kubmetr qaz əldə edəcək

Energetika Materials 20 Fevral 2014 18:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hər il tranzitə görə təqribən 1 milyard kubmetr qaz əldə edəcək.

Trend-in məlumatına görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze energetika məsələləri üzrə Avropa komissarı Günter Ottingerlə görüşünün yekunları üzrə deyib.

K.Kaladze bildirib: "Şahdəniz-2" layihəsinin reallaşdırılması ilə boru kəmərinin (Cənubi Qafqaz Boru Kəməri) buraxılış qabiliyyətini əlavə olaraq 16 milyard kubmetr qaz həcmində yüksəltmək imkanımız olacaq. Bu bizim üçün önəmlidir, çünki tranzit qazının 5 faizi Gürcüstanda qalacaq ki, bu da təqribən 1 milyard kubmetr təşkil edir".

Nazir görüşün yekunları üzrə qeyd edib ki, Gürcüstanın Avropa İttifaqının "Enerji birliyi" layihəsinə daxil olması üzrə danışıqlara başlanılıb: "Ötən il biz birliyə üzv olmaq üçün ərizəmizi təqdim etmişdik. Bu istiqamətdə işlərə başlanılıb".

Qeyd edək ki, "Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti