Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Bu gün Gədəbəy rayonunun Moruqlu kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 163 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 030 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 15 ədəd siyirtmə, 163 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.