...

Azərbaycanda istiliyin verilişi sabaha qaldı (ƏLAVƏ OLUNUB-2)

Energetika Materials 27 Noyabr 2015 18:33 (UTC +04:00)
Azərbaycanda qazanxanalara qazın verilişi bərpa olunur.
Azərbaycanda istiliyin verilişi sabaha qaldı (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:10-da yayılıb)

Bakı. Trend:

Azərbaycanda qazanxanalara qazın verilişi bərpa olunur.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Azərbaycan hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC arasında yaranmış borc məsələsi həllini tapıb.

Bununla əlaqədar "Azəriqaz" İB tərəfindən bu günün sonuna qədər "Azəristiliktəchizat" ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.

X X X

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, qazanxanalara qazın verilişi sabahdan etibarən tam bərpa ediləcək: "Azəristiliktəchizat" borcunu tam ödəməsə də, razılığa gəldik ki, qazın verilişini bərpa etmək lazımdır. Bu günədək borcu az olan qazanxanaları qazla təmin edirdik, lakin sabahdan etibarən qazın verilişini tam bərpa edəcəyik".

Qeyd edək ki, daha əvvəl "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bildirmişdi ki, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz"a borcunun həcmi 43 milyon manat təşkil edir, onun 10 milyon manatı köhnə borc, qalan 33 milyon manat isə 2011-2015-ci illər ərzində yığılıb.

X X X

"Azəristiliktəchizat" ASC-nin Abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev isə Trend-ə bildirib ki, qazanxanalara qazın verilişinin bərpa edilməsi ilə əlaqədar olaraq, ASC gücləndirilmiş iş rejiminə keçib: "Gecə saatları ərzində bütün şəhər və regional qazanxanaları hazır vəziyyətə gətirəcəyik. Fikrimcə, sabahdan etibarən istiliyin verilməsi tam bərpa ediləcək".

Onun sözlərinə görə, ASC "Azəriqaz" İB-yə borcun ödənişi ilə bağlı razılığa gələ bilib: "Borcu imkan olduqca ödəməyə çalışacağıq. Hökumət də borcun ödənişinə görə kömək edəcək".

R.Əliyev əlavə edib ki, Azərbaycanda istilik tariflərinin olduqca aşağı olmasına görə belə iri həcmdə borc yaranıb: "Azərbaycanda istilik tarifləri olduqca aşağıdır, buna görə də xərclərimizi çıxarda bilmirik. Lakin, eyni zamanda tariflərin artırılmasını nəzərdən keçirmirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti