...

Rövnəq Abdullayev Gürcüstanda sənədlər imzaladı (FOTO)

Energetika Materials 4 Mart 2016 17:29 (UTC +04:00)
Martın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər edib.
Rövnəq Abdullayev Gürcüstanda sənədlər imzaladı (FOTO)

Bakı. Trend:

Martın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstana səfər edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, səfər zamanı R.Abdullayev bir sıra mühüm görüşlər keçirib, tədbirlərdə iştirak edib. Əvvəlcə şirkətin törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" MMC-nin xidmət mərkəzinin Tbilisidə, Vakedə yerləşən baş ofisinə gələn R.Abdullayev burada yaradılmış şəraitlə tanış olub. SOCAR rəhbərinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ofis müasir avadanlıqla təmin olunub, xüsusi dizayn edilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədilə "SOCAR Georgia Petroleum"un bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb. SOCAR prezidenti servis mərkəzlərinin baş ofisində yaradılmış şəraitdən razı qaldığını bildirib, əməkdaşlara yeni uğurlar arzulayıb.

Səfər çərçivəsində R.Abdullayev Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açılıb. Daha sonra rəsmi sənədlərin imzalanma mərasimi keçirilib. Sənədləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəsmi şəxsləri, Gürcüstan tərəfindən isə Baş nazirin muavini və energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalebeyişvili imzalayıblar.

İmzalanma mərasimindən sonra R.Abdullayev və K.Kaladze mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran suallara ətraflı cavab veriblər.

SOCAR prezidentinin Gürcüstana səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti