...

“Abşeronneft” neft və qazçıxarma idarəsinə məxsus yeni yığım nəqli sahəsi istismara verilib (FOTO)

Energetika Materials 11 Oktyabr 2017 16:02 (UTC +04:00)

Bakı. Trend:

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsinə (NQÇİ) məxsus yeni yığım nəqli sahəsi istismara verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri Pirallahı qəsəbəsində “Abşeronneft” neft və qazçıxarma idarəsinə məxsus yeni yığım nəqli sahəsinin istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.

SOCAR prezidenti yeni yığım sahəsinin istismara verilməsi münasibəti ilə NQÇİ-nin kollektivini təbrik edib, inzibati binaya baxış keçirib, sonra isə binanın qarşısında ağac əkib. Daha sonra R. Abdullayev və onu müşaiyət edən şəxslər yığım nəqli sahəsindəki çənlər parkına baxış keçirib, onun iş rejimi və ərazisi ilə tanış olublar.

Bildirilib ki, SOCAR-ın ”Neftqaztikinti” Tresti tərəfindən 2013-cü ildən etibarən tikintisinə başlanan yığım nəqli sahəsinin ərazisi 6,4 hektardır. Yeni çənlər parkında 2 mərtəbəli inzibati bina, 24 ədəd müxtəlif tutumlu çən, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, neft və lay suları üçün nasosxanalar, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kv-luq elektrik yarımstansiyası fəaliyyətə başlayıb. Qeyd olunmuşdur ki, çənlərdən 3 ədədi 3000, 6 ədədi 2000, 4 ədədi 1000, 5 ədədi 700, 4 ədədi 400, 2 ədədi isə 100 kubmetr maye tutumuna malikdir. Neft üçün nasosxanada 6 ədəd, lay suları üçün nasosxanada isə 4 ədəd nasos quraşdırılıb. Məlumat verilib ki, yeni parkda əl əməyinin yüngülləşdirilməsi məqsədi ilə iş prosesi demək olar ki, tam avtomatlaşdırılıb.

R.Abdullayev yeni yığım nəqli sahəsinin istismara buraxılmasının neft hasilatının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti