Bakı. Trend:
İtaliyanın aparıcı beyin mərkəzlərindən olan “Nodo di Gordio”nun təşkilatçılığı ilə Avropa Komissiyası və Avropa Parlamentinin Romadakı İnformasiya Ofisinin binasında “Follow the Energy – Avropanın böyük enerji oyununda İtaliyanın rolu” adlı konfrans keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfransda natiq qismində İtaliya parlamentarları, enerji sektorunda çalışan şirkətlərin rəhbərləri, enerji mövzusunda tanınmış alim və tədqiqatçılar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın neft-qaz sənayesi tarixi, ölkəmizin dünya neft-qaz sənayesinə verdiyi töhfələr, Azərbaycanın enerji strategiyası, Avropanın enerji təhlükəsizliyindəki rolu, hazırda Avropanın bir sıra ölkələri, o cümlədən İtaliya üçün önəmli xam neft təchizatçısı olması və Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə təbii qaz təchizatçısına çevriləcəyi barədə danışıb.
Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən Trans-Adriatik Qaz Boru Kəməri konfransın mərkəzi mövzularından olub. Tədbirdə çıxış edən natiqlər bu layihənin Avropanın enerji təhlükəsizliyi, enerji mənbələri və marşrutlarının diversifikasiyası, habelə İtaliyanın Avropanın təbii qaz mərkəzinə çevrilməsi nöqteyi-nəzərdən strateji əhəmiyyətini vurğulayıblar.
İtaliya mətbuatının diqqət mərkəzində olan konfransla bağlı çoxsaylı yazılar dərc olunub.