Bakı. Trend:
Trans-Adriatrik boru kəməri (TAP) biometan nəqlinin asanlaşdırılması üçün çərçivələrin yaradılmasına öz töhfəsini verməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə "TAP AG" şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışında deyib.
O qeyd edib ki, TAP-ın potensial olaraq tam genişləndirilməsi təkcə tədarüklərin təhlükəsizliyi problemlərini həll etməyəcək, həm də gələcəkdə hidrogen və digər bərpa olunan qazların yeni həcmlərinin nəqlinə imkan yaratmaqla Aİ-nin dekarbonizasiya üzrə hədəflərinin əldə olunmasına imkan şərait yarada bilər.
"Hədəfimiz ilkin olaraq təbii qazla qarışıq şəklində hidrogen nəqli üzrə aktivi inkişaf etdirməkdən ibarətdir. 2021-ci ildə ilkin tədqiqatlar TAP-ın gələcəkdə hidrogen qarışığı nəql etmək qabiliyyətini təsdiqlədi. Lazımi sınaq avadanlığının inkişafına investisiya qoymaqla, 2024-cü ildə boru kəmərlərimizin materiallarını beynəlxalq səviyyədə tanınmış laboratoriyada sınaqdan keçirəcəyik. Biz səhmdarlarımız, əsas tədarükçülərimiz və sənaye nümayəndələrimizlə sıx əməkdaşlıq edirik, çünki avadanlığın modernizasiyasına investisiyaların həcmi və nəql edilən hidrogenin faizi hidrogen bazarının ehtiyaclarına cavab verməsi və bazar qaydalarına uyğun olması üçün yəqin ki, zamanla tədricən müəyyən ediləcək", - deyə V.Veysəlov qeyd edib.
O bildirib ki, hidrogen təbii qazdan əhəmiyyətli dərəcədə fərqlənsə də, bioyanacaq kimi təsnif edilən biometan təbii qaza bənzəyir.
"Sahə nöqteyi-nəzərindən qaydaların hazırlanmasına və biometan nəqlini asanlaşdıracaq strukturun yaradılmasına necə töhfə verə biləcəyimizi görmək üçün Yunanıstan və İtaliyanın milli nəqliyyat sisteminin operatorları ilə fəal əməkdaşlıq edirik", - Veysəlov əlavə edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.
X: @Lyaman_Zeyn