...

Azərbaycanda beynəlxalq telefon danışıqlarının qiyməti MDB üzrə orta göstəricidən aşağıdır – nazir

Telekommunikasiya Materials 21 Fevral 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda beynəlxalq telefon danışıqlarının qiyməti, ikiqat endirilmədən sonra, MDB ölkələri üzrə orta göstəricidən aşağıdır. Bu barədə cümə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

"Son dörd ildə biz (Rabitə Nazirliyi) iki dəfə, tariflərin azaldılması üzrə təkliflər təqdim etmişik. Nəticədə, birinci endirim 50, ikinci isə 30-35 faiz olub", - nazir bildirib.

Abbasovun sözlərinə görə, yaxın vaxtlarda ölkədə beynəlxalq və şəhərlərarası danışıqların qiymətinin endirilməsi gözlənilmir.

2007-ci il iyunun 1-dən Azərbaycanda telefon danışıqları üçün aylıq abunə haqqı 0,7 manatdan 2 manatadək artırılıb. Əvəzində, şəhərlərarası və beynəxalq telefon danışıqlarının qiyməti bir dəqiqə üçün 0,09 manatdan 0,07 manatadək azaldılıb. Bütün kateqoriya abunəçilər üçün beynəlxalq telefon danışıqlarının qiyməti:

- MDB və Baltika ölkələrinə zənglər 0,45 manatdan 0,36 manatadək,

- İran, Türkiyə, Pakistan - 0,54 manatdan 0,45 manatadək,

- Avropa ölkələri - 0,72 manatdan 0,54 manatadək,

- ABŞ və digər ölkələr - 0,9 manatdan 0,54 manatadək azaldılıb.

Mobil xidmətlərin qiyməti məsələsinə toxunan nazir bildirib ki, bu qiymətlər bazar tərəfindən idarə olunur və qiymətlər onun liberallaşması şəraitində azala bilər. "Bazar nə qədər çox genişlənsə, tariflər də o qədər azalacaq", - nazir hesab edir.

Xəbər lenti

Xəbər lenti