Аzərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan MDB ölkələrində kitabxanalararası abunə (KAA) sistemində kitabxana göndərişləri üçün güzəştli poçt tariflərinin tətbiqi məsələsini dəstəkləyir. Bu barədə bazar ertəsi Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.
Məmmədovun sözlərinə görə, bu məsələyə bu yaxınlarda Regional Rabitə Birliyinin (RRƏ) Kişinyovda keçirilən iclasında baxılıb və məlum olub ki, bəzi ölkələr adıçəkilən güzəştli tariflərin tətbiqinə xüsusi maraq göstərmirlər.
"Məsələnin həlli RRB-yə üzv olan ölkələrin məsələyə kollektiv yanaşmasından və KAA sistemində kitabxana göndərişləri üçün güzəştli poçt tariflərinin tətbiqi haqqında protokolun imzalanmasından asılıdır. Məsələnin həllini yubadan səbəb RRB üzvü olan ölkələrin, xüsusilə də Orta Asiya ölkələrinin poçt operatorlarının maliyyə vəziyyəti ilə bağlıdır. Onlardan bir çoxu güzəştli sistemin tətbiqindən onlara dəyə biləcək ziyanı nəzərə alırlar. Poçt operatorları hesab edirlər ki, bu ziyanın yeri ya hökumət tərəfindən doldurulmalıdır, ya da həmin güzəştləri ümumiyyətlə qəbul etməyə dəyməz", - Məmmədov bildirib.
Birlik ölkələrinin poçt idarələri arasındakı razılaşmaya uyğun olaraq, MDB-nin bəzi ölkələrində məktub və bağlamalar MDB tarifləri üzrə deyil, xarici ölkələrin tarifi üzrə və yalnız təyyarə poçtu vasitəsilə göndərilir ki, bu da kitabın öz qiymətini ötüb keçir. Bu gün azərbaycanlı istifadəçinin tələb etdiyi və çəkisi bir kiloqram olan kitabın təyyarə poçtu vasitəsilə göndərişinin qiyməti 26-36 manat arasındadır.
Bu problemin həll olunması üçün MDB iştirakçı dövlətlərinin KAA sistemində güzəştli poçt tarifləri haqqında saziş layihəsi hazırlanıb. Orada nəzərdə tutulub ki, Birlik ölkələrinin KAA sistemində poçt göndərişlərinin mövcud dəyərinin 50 faizini təşkil edən sənədlərin göndərişi güzəştli tariflər əsasında həyata keçiriləcək. Saziş qeyri-müəyyən müddətə imzalanacaq. Sazişin şərtləri ilə razılaşan və ondan irəli gələn öhdəlikləri yerinə yetirməyə hazır olan bütün dövlətlər ona qoşula bilər.