Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/
Mayın 15-də Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS - World Summit on the Information Society) qərarlarının yerinə yetirilməsi üzrə keçirilən forum çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə "TASIM/EuraCA: Avrasiya regionunda rabitə bağlantısının yaxşılaşdırılması üçün yeni platformalar" mövzusunda tematik seminar təşkil edilib. Bu barədə cümə günü nazirlikdən Trend-ə daxil olan məlumatda bildirilir.
Məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - ITU) beşinci Ümumdünya forumu mayın 14-16-da Cenevredə baş tutub.
Seminarda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək iştirakçıları, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Hamadun Tureni Transavrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında məlumatlandırıb.
TASİM layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan (Almaniya) Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. BMT Baş Assambleyası layihə üzrə 2 qətnamə qəbul edərək onu dəstəkləyib.
Seminarda çıxış edən H.Ture qeyd edib ki, layihənin həyata keçirilməsi təşəbbüsü bütün regionunun inkişafına töhfə verəcək və BTİ-nin Baş katibi kimi ona çox xoşdur ki, Azərbaycan hökuməti və şəxsən Prezident İlham Əliyev İKT-nin həm ölkədə, həm də regionda inkişafına daim maraq göstərir.
Tədbirdə regionda rəqəmli texnologiyalarda fərqliliyin aradan qaldırılmasının zəruriliyi və Avrasiya ölkələrinin inkişafı üçün vasitə hesab edilən TASIM layihəsinin həyata keçirilməsinin müstəsna əhəmiyyətini bir daha xüsusi olaraq vurğulanıb.
Seminar dünyanın təxminən 80 ölkəsindən olan ekspertlərin diqqətini cəlb edib, fəal dialoq şəraitində keçirilməklə dinləyicilərə onları maraqlandıran sualları vermək üçün imkan yaradılıb.
Qeyd edək ki, Cenevrə forumu çərçivəsində nazir müavini Vəlizadə, həmçinin 2015-ci ildən sonra informasiya cəmiyyətinin gələcək inkişafını müəyyənləşdirməyə yönələn WSIS+10 plenar iclasında da çıxış edib. Nazir müavini çıxışında Azərbaycanda 2003-cü ildən başlayaraq İKT sektorunun təşəkkülü, sektorda əldə edilən uğurlar və gələcək perspektivlər, genişzolaqlı infrastrukturun genişləndirilməsi, elektron xidmətlərin geniş tətbiqi barədə söhbət açıb.