Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir H.Vəliyev/
"Azərsu" ASC smart-kart tipli su sayğaclarının tətbiqinin genişləndirilməsi ilə paralel olaraq abunəçilərin smart-kartlardan istifadəsinin asanlaşdırılması istiqamətində tədbirləri davam etdirir.
ASC-dən cümə axşamı Trend-ə verilən məlumata görə, əhali və qeyr-əhali qrupu abunəçiləri üçün verilmiş smart-kartların daha bir ödəmə köşkündə - eManat terminallarında yüklənməsinin tətbiqinə başlanılıb.
"Azərsu" ASC-nin ödəmə xidmətləri sahəsində ixtisaslaşmış "Modenis" şirkəti ilə əldə etdiyi razılığa əsasən, Səhmdar Cəmiyyətin bu sahə üzrə məlumatları eManat ödəmə terminallarına inteqrasiya olunub. Bununla da həmin terminallar tərəfindən "Azərsu" ASC-nin smart-kartlarının oxunması və müvafiq əməliyyatların aparılması təmin edilib.
Ödənişlərin aparılması və smart-kartlara balansın yüklənməsi üçün eManat ödəniş terminallarının ekranında "Azərsu" bölməsini, sonra "smart-karta yükləmə" panelini seçmək lazımdır. Bu zaman terminalın ekranında əhali və qeyri-əhali abunəçiləri üçün müvafiq panellər seçilməlidir. Bundan sonra smart-kartlar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Terminallara daxil edilən məbləğ real zaman rejimində həyata keçirilir və smart-kartlara balans yüklənilir. Ödəniş başa çatdıqdan sonra ödəmə qəbzi çap olunur.
Növbəti mərhələdə abunəçilər yüklənmiş kartı sayğaclara daxil edib balanslarını artırırlar.
Hazırda respublikada 700-yə yaxın eManat köşkü fəaliyyət göstərir ki, bunların da 80-i regionlarda quraşdırılıb. Bu köşklərin hər birində su və kanalizasiya xidmətləri üzrə ödəmələr aparmaq mümkündür. Gələcəkdə belə köşklərin sayının artırılacağı nəzərdə tutulur. eManat köşklərində əməliyyat aparılarkan texniki problemlər yarandıqda (012) 404 48 88 nömrəsinə zəng etməklə "Modenis" şirkəti ilə əlaqə saxlanılmalıdır.
Qeyd edək ki, "Azərsu" ASC-nin abunəçiləri MilliÖn ödəniş terminallarında da ödəniş aparmaq imkanına malikdirlər. Hər iki terminalda yükləmə prosesi analoji qaydada aparılır və istifadəçilər üçün eyni statusa malikdir.