Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan patentlər sahəsində qanunvericiliyi dünya standartlarına müvafiq uyğunlaşdırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə əsasən, hazırda Azərbaycan alimləri patent alsalar da, ABŞ və Avropada onların nostrifikasiyası ilə bağlı problemlərlə üzləşirlər: "Buna səbəb qanunvericiliyimizin dünya təcrübəsinə uyğun olmamasıdır və əsas məqsəd onu beynəlxalq standartlara harmonizasiya etməkdir".
A.Əlizadənin fikrincə, qlobal mühitdə dünya elmi patent hüququ və əqli mülkiyyətin qorunmasına əsaslanır: "Azərbaycanın bu sahədə real nəticələr əldə etməsi və dünya göstəricilərinə yaxınlaşması üçün birgə fəaliyyət göstərmək lazımdır. Bu fəaliyyətlərin hüquqi əsası olmalıdır".
O əlavə edib ki, bu sahədə qəbul ediləcək qərar əqli mülkiyyət hüququnun qorunması məsələlərinin hüquqi tənzimlənməsinin sürətlənməsinə yardım edir.