...

Azərbaycanda həbsə üstünlük verilməsinin səbəbləri - ARAŞDIRMA

Nəzər nöqtəsi Materials 26 Avqust 2009 10:29 (UTC +04:00)
Azərbaycanda cinayətin ağırlığından, motivindən asılı olmayaraq cinayət törətmiş şəxslərə bir qayda olaraq həbs qətimkan tədbiri seçilir.
Azərbaycanda həbsə üstünlük verilməsinin səbəbləri - ARAŞDIRMA

Azərbaycan, Bakı, 25 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda cinayətin ağırlığından, motivindən asılı olmayaraq cinayət törətmiş şəxslərə bir qayda olaraq həbs qətimkan tədbiri seçilir. Digər qətimkan tədbirləri ilə müqayisədə həbsə üstünlük verilməsi əhali və hüquq ictimaiyyəti arasında narazılıq yaradır.

Cari ilin 6 ayında həbs qətimkan tədbiri ilə bağlı müraciətlərin və məhkəmə qərarlarının statistikasını əlaqədar qurumlardan almaq mümkün olmadığından, İnsan Hüquqları Üzrə Hüquqşünaslar Komitəsinin 2008-ci ilin may-noyabr aylarında apardığı monitorinqin nəticələrinə istinad etmək məcburiyyətindəyik.

Monitorinqin nəticələrinə görə, həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorluq tərəfindən monitorinq aparılan rayon (şəhər) məhkəmələrinə və hərbi məhkəmələrə 812 təqdimat daxil olub. Daxil olmuş təqdimatlardan 806-sı təmin edilib, 6 təqdimat isə başqa növ qətimkan tədbiri ilə əvəzlənib. Maraqlıdır ki, hesabat dövründə təmin edilməyən təqdimat olmayıb.

Qəbul edilmiş qərarlardan cəmi 8 şikayət verilib və şikayətlərin biri təmin edilib, digərləri isə təmin edilməyib. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, sanksiyası 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan cinayətdə ittiham olunan şəxsə cinayət prosesini həyata keçirən orqandan gizlənmək, sübutları gizlətmək və saxtalaşdırmaq, cinayət prosesinin iştirakçılarına qanunsuz təsir göstərmək, yenidən cinayət törətmək, cəmiyyət üçün təhlükə yaratmaq əsasları olarsa, həbs qətimkan tədbiri seçilə bilər. İstintaq orqanı və ya məhkəmə şəxsə həbs seçərkən onun törətdiyi əməlin ağırlığını, xarakterini, törədilmə şəraitini, şəxsin şəxsiyyətini, yaşını, səhhətini, ailə, maddi və sosial vəziyyətini, himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını, əvvəllər cinyət törətməsini və digər əhəmiyyətli halları nəzərə almalıdır. Həbs qətimkan tədbiri prokurorluğun təqdimatı əsasında məhkəmələr tərəfindən müəyyən edilir.

Yeni Cinayət Məcəlləsi qəbul edilənədək həbs barədə sanksiya vermək səlahiyyəti prokuroluq orqanlarında idi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd olunub ki, şəxsin cinayəti törətməsinə əsaslı şübhə onun həbsə alınması üçün zəruri şərtdir. Bununla belə, bu cür şübhə şəxsin həbsdə saxlanılmasının davam etdirilməsi üçün yetərli deyildir. Şəxsin həbsdə saxlanılmasına bəraət qazandırılması üçün əsaslı şübhə ilə yanaşı, digər əsaslar da mövcud olmalıdır. Bu cür əsaslara şəxsin azadlıqda qalarsa, ibtidai araşdırma və məhkəmə orqanlarından qaçıb gizlənə biləcəyi, sübutları məhv edə biləcəyi və ya onların əldə edilməsinə maneçilik törədə biləcəyi, yeni cinayət törədəcəyi kimi əsasları aid etmək olar. Bununla belə, həmin əsaslar real olmalı, yəni mötəbər məlumatlarla təsdiq olunmalıdır. Həbs qətimkan tədbiri müddətinin uzadılması zamanı məhkəmələr bunun üçün mövcud olan əsasları və onları təsdiq edən sübutları qərarlarında göstərməlidirlər.

İnsan Hüquqları Üzrə Hüquqşünaslar Komitəsinin hesabatında qeyd olunur ki, ittiham tərəfinin həbs qətimkan tədbirinin seçilməsi üzrə məhkəməyə göndərdiyi 812 təqdimatından 60-ı böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə, 535-i az ağır cinayətlər üzrə, 193-ü ağır cinayətlər üzrə, 24-ü xüsusilə ağır cinayətlər üzrə olub.

Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı səlahiyyətlərin məhkəmələrə verilməsindən sonra həbslə bağlı qərarların sayının azalmadığını deyir. Ağazadə Trend -a bildirib ki, məhkəmələr qətimkan tədbiri ilə bağlı qərarlar qəbul edərkən müstəqil olmalıdırlar. Ali Məhkəmənin hakimi məhkəmələrin bir qayda olaraq həbsə üstünlük verməsini hakimlərin məsuliyyətsizliyi ilə əlaqələndirir.

"Həbs qətimkan tədbiri seçərkən hakim qərarı əsaslandırmalıdır. Bunun üçün hakim araşdırma aparmalı, işi dərindən öyrənməlidir. Amma bizim əksər hakimlər bunu etmirlər. Məhkəmələr lazım olmayan hallarda əsassız həbs qərarları qəbul edirlər", - deyə Ağazadə vurğulayıb.

Ali Məhkəmənin hakimi deyir ki, məhkəmələr həbslə bağlı qərarlar çıxararkən qərarlarını əsaslandırmırlar. "Həbsin seçilməsi istintaqın işini asanlaşdırır. Digər qətimkan tədbiri seçiləndə istintaq hərəkətlərinin aparılmasında müəyyən problemlər yaranır. Lakin bu da həbsin seçilməsi üçün əsas ola bilməz. Həbsdə olan şəxslər qorxu içərisində olur, onlardan istənilən ifadəni almaq mümkündür və təcrübədə bəzən belə faktlar olur", - deyə Ağazadə bildirib.

Ağazadə bu problemdən narahatlığı əsas gətirərək bu ilin iyun ayında bütün apellyasiya məhkəmələrinə Ali Məhkəmənin sədrinin adından məktub göndərildiyini deyib və qeyd edib ki, həmin məktubla hakimlərə həbslə bağlı qərarlar qəbul edərkən diqqətli olmaları tövsiyə olunub.

Azərbaycanın cinayət-prosessual qanunvericiliyi qətimkan tədbirlərinin ev dustaqlığı, girov, başqa yerə getməmək haqqında iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma kimi növlərini müəyyən edib. Qanunvericilikdə girov qətimkan tədbiri kimi nəzərdə tutulsa da , bu tədbir praktikada tətbiq olunmur. Bu qətimkan tədbirini təqsirləndirilən və ya onun vəkilinin vəsatəti olmasa, məhkəmə birbaşa təyin edə bilməz. Girovun məbləği qanunvericilikdə minimum əmək haqqının 5 min mislindən 10 min mislinədək həddə müəyyən edilib (minimum əmək haqqının məbləği 75 manatdır).

Ağazadə hesab edir ki, girovun məbləği yüksək həddə müəyyən olunduğundan, təqsirləndirilən şəxs və ya onun vəkili bu qətimkan tədbirinin seçilməsində maraqlı olmur. "Bu qədər məbləği verib istintaq müddətində həbsdən azad olmağa və sonradan məhkəmənin hökmü ilə cəzalandırılmağa heç kim razı olmaz. Hansısa cinayətdə təqsirləndirilən, şübhələnən şəxs həmin məbləği ödəməkdənsə, həbsdə qalmağı üstün tutur", - Ali Məhkəmənin hakimi deyib. Ağazadə girov məbləğinin azaldılmasının tərəfdarıdır.

Vəkil Kamandar Nəsibov isə Trend -a deyir ki, prokurorluğun həbslə bağlı təqdimatları əksərən güman və ehtimallara əsaslandırılır.  "Həbslə bağlı qərarların böyük əksəriyyəti belə əsaslandırılır. Hakimlər isə notariat kontoru kimi bir qayda olaraq təqdimatları təsdiq edir", - vəkil bildirib.

Nəsibov qeyd edib ki, həbs qətimkan tədbiri seçilərkən tərəflərin bərabərliyi pozulur, müdafiə tərəfinin dəlilləri, əsaslandırmaları nəzərə alınmır.

Vəkilin fikrincə, həbs əksər hallarda tutulan, təqsirləndirilən şəxsə təsir etmək məqsədilə seçilir. "Həbsdən, ifadə alınarkən cinayəti boynuna almaq üçün şantaj kimi istifadə olunur. Prokurorluq orqanları digər qətimkan tədbirlərinin seçilməsində maraqlı deyillər", - Nəsibov vurğulayıb.

Ekspertlər bu qənaətdədirlər ki, həbs qətimkan tədbirlərinin statistikası, analizi aparılmalı, bu vəziyyəti yaradan səbəblər aradan qaldırılmalıdır.


Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti