...

Avropanın Türkiyəyə ehtiyacı var

Nəzər nöqtəsi Materials 23 Dekabr 2011 16:27 (UTC +04:00)
Fransa parlamentinin aşağı palatası qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sorna rəsmi Ankaranın Parisə cavabı gecikmədi.
Avropanın Türkiyəyə ehtiyacı var

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Fransa parlamentinin aşağı palatası qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sorna rəsmi Ankaranın Parisə cavabı gecikmədi.

Baş nazir Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin "humanist" qərarına cavab olaraq, Ankaranın Parisə qarşı 8 bənddən ibarət iqtisadi sanksiyaların birinci mərhələsini həyata keçirdiyini bildirdi.

Sanksiyalara Türkiyənin Fransadakı səfirinin geri çağırılması, ikili səviyyədə həyata keçirilməsi nəzərdə tutulan siyasi, hərbi və iqtisadi mahiyyətli seminar, təhsil, kurs, personal mübadiləsi, hərbi təlimlərin ləğvi, Parislə Ankara arasında siyasi məsləhətləşmələrin dondurulması, Türkiyə hava məkanının Fransa hərbi təyyarələrinə bağlanılması, hər biri üçün ayrıca icazə alınması, hərbi gəmilərin Türkiyə limanlarına girişinə qadağa və 2012-ci ildə keçirilməsi nəzərdə tutulan Türkiyə-Fransa müştərək iqtisadi iclasının ləğv edilməsi daxildir.

Bir çox siyasi analitiklər Parisə qarşı ilkin mərhələdə tətbiq edilən sanksiyaların Fransaya bir o qədər də təsir etməyəcəyini, Türkiyənin isə Avropa İttifaqına üzv olmaq üçün qəbul edilən qanuna qarşı ciddi reaksiya verməyəcəyini hesab edirdilər.

Lakin bu gün Türkiyədə artan iqtisadiyyatın olması, Ankaranın regionda rolu və Avropa enerji təhlükəsizliyi üçün aparıcı rollardan birini oynaması onu söyləməməyə əsas verir ki, tətbiq edilən sanksiyalar Fransa iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Ən azından ona görə ki, rəsmi səviyyədə olmasa da, Türkiyə ölkə daxilində Fransa mallarını boykot edə bilər.

İki ölkə arasında ümumi ticarət mübadilələrinin həcmi nəzərə alınsa, Türkiyənin Fransanın ən çox mal ixrac etdiyi ölkələr sırasında ümumi dəyəri 6 milyard avro olmaqla 11-ci yerdə, Türkiyənin Fransaya mal ixracatına görə isə ümumi dəyəri 5 milyard 402 milyon avro olmaqla 16-cı yerdə olduğunu görmək olar.

Fransanın Türkiyə ixrac etdiyi mallara gəlincə, Fransa istehsallı avtomobillər ixrac edilən mallar sırasında birinci yerdədir. Belə ki, 2011-ci ildə Fransanın avtomobil sənayesinin Türkiyədə ixracatı 761 milyon avro həcmində olub.

Fransadan Türkiyəyə ixrac edilən məhsullar arasında avtomobillərlə yanaşı, təyyarə mühərrikləri, əczaçılıq məhsulları, plastik xammal da yer alır.

Türkiyə isə 2011-ci ildə Fransaya 412 milyon avro dəyərində tekstil məmulatları, 292 milyon avro dəyərində isə məişət avadanlığı ixrac edib.

Bütün bunlarla yanaşı, statistik məlumatlara görə, Fransada fəaliyyət göstərən 350 Türkiyə şirkətinin ölkəyə qoyduğu investisiya 500 milyon dollar həcmindədir, iki ölkə arasında turizm sektoruna gəlincə isə, keçən il Fransadan Türkiyəyə gələn turistlərin sayı bir milyon 250 min nəfərdən çox olub.

Qeyd edilənlərlə yanaşı, Fransa şirkətlərindən olan EDF, GDF Suez və Areva-nın Türkiyənin Sinop şəhərində inşası planlaşdırılan atom elektrik stansiyasının tikintisindən də kənarda qala biləcəyi istisna edilmir.

Bununla yanaşı, hazırda Türkiyə yeganə ölkədir ki, özünün geosiyasi vəziyyətindən istifadə edərək, Avropaya enerji tədarükündə əsas tranzit ölkə rolunu oynayır. Dolayısı ilə Azərbaycan, Türkmənistan və İraq qazının Avropaya daşınması üçün Ankaranın rolu əvəzsizdir. Avropaya enerji tədarükü üçün alternativ tranzit ölkənin olmamağı Avropanı bu baxımdan Türkiyədən asılı vəziyyətə salır.

Təbii ki, bütün bunlar nəzər alınarsa, Fransa parlamentində qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə baxmayaraq, Senatın Türkiyə əleyhinə yönəlmiş qanun layihəsini təsdiq edəcəyi inandırıcı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti