...

Fərid Qayıbov: Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika növlərini eyni səviyyədə inkişaf etdirməyə çalışır

Nəzər nöqtəsi Materials 18 Fevral 2017 19:58 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika növlərini eyni səviyyədə inkişaf etdirməyə çalışır.
Fərid Qayıbov: Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika növlərini eyni səviyyədə inkişaf etdirməyə çalışır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika növlərini eyni səviyyədə inkişaf etdirməyə çalışır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Federasiyanın Baş katibi Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, ölkədə yeni-yeni inkişaf etməyə başlayan gimnastika növlərinin populyarlaşması üçün çox sayda tamaşaçı cəlb edəcək yarışların keçirilməsi vacibdir.

Baş katib vurğulayıb: “Bildiyiniz kimi, Azərbaycan Gimnastika Federasiyası gimnastikanın altı növünü – dörd olimpiya, iki qeyri-olimpiya növünü inkişaf etdirir. Bu yaxşı da alınır, uğurlar da var, amma bir qədər də gücləndirmək də lazımdır. Bizim həm yerli, həm də beynəlxalq miqyaslı yarışlar keçirməyə imkan verən Milli Gimnastika Arenamız var. Ona görə ilk növbədə çalışırıq ki, bu arena boş qalmasın. Hələ Avropa oyunlarınadək biz üç yeni gimnastika növü əlavə etmişik – aerobika, batut gimnastikası və qadın idman gimnastikası. Bu növlər bizdə üç ildir ki, inkişaf edir. İnsanlara bunu çatdırmaq, sevdirmək üçün yarışlar keçirmək lazımdır. Biz gimnastikanın bu növlərinin populyarlaşması üçün məsuliyyət daşıyırıq, ona görə biz müxtəlif yarışlar keçiririk. Bunlara marağın artması üçün biz hər dəfə yeniliklər etməyə çalışırıq. Bu il ilk dəfə yeni işıqlandırmadan istifadə olunub. İşıq yalnız alətlərə və idmançılara düşür. Bu, azarkeşlərə diqqətlərini idmançılar üzərində toplamağa kömək edir”.

F.Qayıbov qeyd edib ki, gimnastlarımızdan yüksək yerlər gözləmək hələ tezdir, çünki batut gimnastikası ölkədə üç ildir ki, inkişaf edir: "Tamaşaçıları tribunalarda görmək artıq bizim üçün qələbədir. Mən idmaçımız İlya Qrişununi xüsusi qeyd etmək istəyirəm. O, artıq Avropa oyunlarında bizə medal gətirib və bu gün də ölkəni layiqincə təmsil edərək finala çıxıb. Ümid edirəm ki, o, sabah da yaxşı çıxış edəcək. Ona çətin olacaq, çünki onunla birgə finalda Olimpiya çempionu, vitse-çempion və digər ciddə rəqiblər çıxış edəcək. Amma biz ümid edirik, o, doğma meydanda bizim ümidlərimizi doğruldacaq. İndi bizdə sinxron çıxışlar başlayır. Burada Qrişunin-Piunov cütlüyü iştirak edəcək. Ümid edirəm ki, onlar da finala çıxacaq”.

Federasiyanın baş katibi həmçinin finala çıxmış tamblinqçi Mixail Malkinin uğurlu çıxışını xüsusi qeyd edib: “Demək istəyirəm ki, tamblinq bizdə uzun müddətdir ki, inkişaf edir, amma ciddi uğurlarımız olmayıb. Ötən il Avropa Çempionatında idmançımız Mixail Malkin finala çıxmışdı. O, bu gün də pis çıxış etmədi. Onun kifayət qədər çətin proqramı var, biz ona böyük ümidlər bəsləyirik. Birinci çıxışda o, kiçik səhvə yol verdi. Bu, onu turnir cədvəlində geri atsa da, ikinci çıxışda özünü toplaya bildi. Nəticədə biz onu sabah finalda görəcəyik. Mən çox ümid edirəm ki, o, sabah mükafatlar uğrunda mübarizə aparacaq. Bu, artıq bizim üçün qələbə olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti