...

Avropa Yayımları Birliyi "Eurovision 2012"-nin təşkilindən məmnundur

Eurovision-2012 Materials 26 May 2012 22:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbirlər V.Javoronkova, A.Bədəlova/

Avropa Yayımları Birliyi (EBU) Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin təşkilindən razıdır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə "Eurovision"un final şousu ərəfəsində müsabiqənin təşkilati məsələlər üzrə rəhbəri Sietse Bakker bildirib.

"Gəlin, müsabiqənin başa çatmasını gözləyək, lakin indiyədək təşkilati işlər uğurlu olub", - o deyib.

Bakker əlavə edib ki, EBU nümayəndə heyətlərinin əksəriyyətindən təşkilati işlərdən razı qaldıqlarını, Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olduqlarını, mehmanxanalar, nəqliyyat, şəhərdəki logistika, təkrarolunmaz "EuroClub" və əlbəttə ki, "Bakı Kristal Zalı"nın fantastik səhnəsindən çox razı qaldıqlarını eşidib.

O, qeyd edib ki, özü də insanların qonaqpərvərliyi, nəzakəti və səmimiliyindən təsirlənib.

Tədbirin təşkilindəki problemlərdən danışan Bakker deyib ki, heç bir ciddi problem olmayıb.

"Eurovision" kimi böyük hadisəni təşkil etməlisinizsə, bunun Moskva, Oslo, Düsseldorf və ya Bakı olmasından asılı olmayaraq, həmişə problemlərlə üzləşəcəksiniz. Bizim həmişə şounu vaxtında çatdırmaq, burada iştirak edən bütün nümayəndə heyətlərinin vaxt, təhlükəsizlik, bilet məsələlərinə uyğunlaşması üçün adekvat həll etdiyimiz problemlərimiz olur. Buna görə də bu gün sıx qrafikimiz var, lakin şou bir neçə dəfə məşq edilib və hələlik biz əminik ki, bu gün axşam hər şey möhtəşəm olacaq. İndiyədək yaxşı təşkilati işlər, qonaqpərvər insanlar, iki misilsiz yarımfinal gördük və ümid edirəm ki, bu gün axşam daha əla şou görəcəyik , - o qeyd edib.

Bakker qeyd edib ki, "Eurovision" müsabiqəsində EBU çox dəqiq qaydalara malikdir.

"Televiziya şousunda siyasi bəyanatlar vermək qadağan edilir. Bizdə bu qayda həmişə qüvvədədir və biz iştirakçıların bu qaydalara sadiq qalmasına ciddi nəzarət edəcəyik", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti