İran prezidenti bildirib ki, İran xalqı Qərb rəsmilərinin onu prezident seçilməsi münasibətilə təbrik etmələrini gözləmir.
İran prezidenti Mahmud Əhmədinejad avqustun 5-də andiçmə mərasimində bildirib ki, Qərb ölkələrinin bəzi rəsmiləri elan edirlər ki, prezident seçkilərinin nəticələrini rəsmən tanıyırlar, lakin prezidentə təbrik məktubu ünvanlamayacaqlar. "Bu göstərir ki, onlar (Qərb) insan haqları və demokratiyaya hörmət etmir", - deyə Əhmədinejad İRİNN telekanalı ilə canlı yayımlanan bəyanatında bildirib.
İran prezidenti bildirib ki, İran xalqı Qərbin belə manasibətinin əleyhinədir, onların təbrikini isə heç gözləmir də.
İranda növbəti dəfə prezident seçilmiş Mahmud Əhmədinejadın andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimi İran rəsmilərinin və xarici diplomatik korpusların nümayəndələrinin iştirakı ilə İran Parlamentində keçirilib.
BBC-nin məlumatına görə, ABŞ, Fransa və Almaniya bildirib ki, Əhmədinejadın prezidentliyinin legitimliyini rəsmən tanıyırlar, lakin bu münasibətlə təbrik məktubu göndərməyəcəklər.
Avqustun 3-də Əhmədinejadın İran prezidenti vəzifəsinə seçilməsi təsdiqlənib. Ali lider və dövlət başçısı ayətulla Əli Xameneyi İran Konstitusiyasına əsasən seçilmiş prezidentin vəzifəyə başlamasını təsdiqləməlidir. Həmin andan etibarən Əhmədinejadın ölkə prezidenti vəzifəsini icra etməsinin ikinci müddəti başlayır.
İyunun 12-də keçirilən prezident seçkilərində Əhmədinejad səslərin 62,63%-ni toplayıb. Onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75%-ni toplayıb. Musəvi seçkilərin nəticələri elan olunmamışdan öncə qələbə qazandığı barədə bəyan etsə də, sonradan hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərdən narazı qalanların etiraz aksiyaları ölkədə iğtişaşlara səbəb olub.