...

ABŞ Türkiyə ilə münasibətlərinə zərər dəyməsinə yol verməməlidir – Prezident Gül

Dünya xəbərləri Materials 4 Mart 2010 20:38 (UTC +04:00)
Abdullah Gül Barak Obama ilə telefon danışığında deyib ki, Vaşinqton inkişafının ən yüksək səviyyəsində olan ABŞ-Türkiyə münasibətlərinə zərər dəyməsinə yol verməməlidir.
ABŞ Türkiyə ilə münasibətlərinə zərər dəyməsinə yol verməməlidir – Prezident Gül

Abdullah Gül Barak Obama ilə telefon danışığında deyib ki, Vaşinqton inkişafının ən yüksək səviyyəsində olan ABŞ-Türkiyə münasibətlərinə zərər dəyməsinə yol verməməlidir. Bu barədə Türkiyə KİV-ləri məlumat verir.

"Öz növbəsində Prezident Barak Obama rəsmi Ankaranı Ermənistan-Türkiyə protokollarının ratifikasiya prosesini sürətləndirməyə çağırıb", - Türkiyə KİV-ləri yazır.

İki prezident arasındakı telefon danışığı ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı"na dair qətnamənin müzakirəsi fonunda keçib.

"Erməni soyqırımı" haqqında qətnamənin müzakirəyə çıxarılması ideyasını ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Hovard Berman irəli sürüb.

Konqresdəki müzakirələri üç erməni və səkkiz türkiyəli deputat müşahidə edir.

Prezident Barak Obama ABŞ Konqresinə qondarma "erməni soyqırımı"na dair qətnaməni qəbul etməməyi tövsiyə edib. Məlumatı CNN Turk yayıb.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Eyni zamanda, ABŞ-ın dövlət katibi Hillari Klinton ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri ilə telefon danışığı zamanı deyib ki, qətnamənin qəbulu Ermənistan-Türkiyə protokollarını təhlükə altında qoyacaq.

Cümə axşamı mətbuat konfransında çıxış edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ı hazırkı məsələni nəzərdən keçirərək Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamağa çağırıb.

"Hazırda ABŞ-ın iki yolu - Türkiyə-Ermənistan arasındakı əlaqələrdə və ümumilikdə, Cənubi Qafqazda əldə olunmuş tərəqqinin heçə endirilməsi yolu, yaxud regionda sülh prosesinə yardım etməkdə davam etmək yolu var. Biz ümid edirik ki, onlar ikinci yolu seçəcəklər", - Davudoğlu deyib.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya rəsmi səfərindən sonra Ankarada verdiyi açıqlamada bildirmişdi ki, bəzilərinin Türkiyə-Ermənistan əlaqələrinin Dağlıq Qarabağ problemindən ayrı olmasını söyləməsinə baxmayaraq, bu proses Dağlıq Qarabağ probleminin həlli ilə birbaşa əlaqəlidir.

Xəbər lenti

Xəbər lenti